Accessibility links

Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir


Avropa İttifaqı-Azərbaycan biznes forumu
Avropa İttifaqı-Azərbaycan biznes forumu

Bakıda İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə biznes forumu keçirilir.

Tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300-dən çox, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən artıq iş adamı iştirak edir. Ümumilikdə biznes foruma 800-ə yaxın iştirakçı qatılıb.

Tədbirdə ölkədə iqtisadi islahatlar, kənd təsərrüfatı, mühəndislik, nəqliyyat və logistika, İKT və elektron ticarətlə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır.

"2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42% olub və 9,4 mlrd dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15% təşkil edib və 3,7 mlrd dollar olub. Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 mlrd ABŞ dolları investisiya yatırıb".

Nazir müavininin sözlərinə görə, Azərbaycanın Avropa İttifaqının 24 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri var.

Qarşıda duran əsas vəzifələrdən danışan R. Məmmədov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, qeyri-neft ixracının artırılması, ixracın diversifikasiyası və bu məqsədlə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi və tranzit imkanlarından səmərəli istifadəni göstərib.

"Ölkədə 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb. Artıq sənaye parklarına 2,5 mlrd dollar investisiya yatırılıb, qarşıdakı illərdə isə 1,1 mlrd dollar investisiya qoyulacaq".

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankausskas bəyan edib ki, Aİ ilə Azərbaycan arasında yeni müqavilə üzrə danışıqlar yeni biznes imkanları yaradır və sərmayəçilər üçün bir siqnaldır.

Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə Baş Direktoratın Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit çıxış edərək əvvəlki Azərbaycan-Aİ biznes forumları ilə müqayisədə bu ilki foruma daha çox iştirakçının qatıldığını qeyd edib, O deyib ki, əvvəlki iki illə müqayisədə iştirakçıların sayı artıb və təxminən 800 nəfər qeydiyyatdan keçib.

O, bəyan edib ki, Avropa İttifaqı Azərbaycanın iqtisadiyyatı şaxələndirmə arzusunu dəstəklədiyir və dörd əsas çağırışa uyğun gəlmək vacibdir - orta və kiçik sahibkarlığın inkişafı (Aİ-də orta və kiçik biznesin payı 60%, Azərbaycanda isə 10%-dir), dövlətlə orta və kiçik biznes arasında əlaqələrin inkişafı, orta və kiçik biznesin elmi dairələrlə əlaqələrinin inkişafı, investisiyaların təşviqi.

XS
SM
MD
LG