Accessibility links

Azərbaycan-Rusiya Regionlararası Forumu açılıb


Sentyabrın 27-də Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb.

Tədbirin təşkilatçıları Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyidir.

AZƏRTAC agentliyinin məlumatına görə forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası keçirilib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu formatı birbaşa işgüzar əlaqələr yaradılması üçün münasib platforma adlandırıb.

“Rusiya Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə birinci yeri tutur. Azərbaycan Rusiyada öz ticarət nümayəndəliyini açıb, Bakıda Rusiya İxrac Mərkəzi fəaliyyət göstərir. Rusiya şəhərlərində Azərbaycanın şərab və çay evlərinin açılması istiqamətində iş aparılır. Azərbaycanda Rusiya kapitalı ilə fəaliyyət göstərən 760 şirkət qeydiyyata alınıb. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq sərmayə qoyub”, nazir qeyd edib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin qarşılıqlı iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının rəhbəri Səməd Qurbanov şuranın fəaliyyəti, Rusiyada Azərbaycan biznesinin iştirakı ilə həyata keçirilən investisiya layihələri, qarşıya qoyulmuş vəzifələr barədə danışıb.

Rusiya-Azərbaycan İşgüzar Şurasının rəhbəri Aleksey Repik Azərbaycan ilə Rusiyanın subyektləri arasında gələcək əməkdaşlığın prioritetlərini açıqlayıb.

“Regionlararası forum qarşılıqlı iqtisadi fəaliyyətin genişləndirilməsi və dərinləşdirilməsi üçün əlavə imkanları aşkara çıxarmağa yaxşı bir fürsətdir”.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov bildirib ki, cari ilin 9 ayı ərzində Azərbaycana təqribən 1,5 milyon turist gəlib. Onların 30 faizi Rusiya vətəndaşlarıdır.

İşgüzar şuraların birgə iclasında Azərbaycanın və Rusiyanın iri şirkətlərinin rəhbərləri də çıxış edib.

Forum öz işini “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Aqrar sahədə əməkdaşlığın inkişafı”, “Kiçik və orta biznes sahəsində əməkdaşlıq”, “Humanitar sahədə əməkdaşlığın genişləndirilməsi”, “Nəqliyyat və tranzit daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi”, “Qadın sahibkarlığının inkişafında əməkdaşlıq perspektivləri” mövzularında “dəyirmi masalar” formatında davam etdirir.

IX Azərbaycan-Rusiya Regionlararası Forumuna Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin qatılacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG