Abadan şəhərində binanın uçması nəticəsində ölənlərin sayının 34-ə çatması ilə bağlı etirazçılar İranın bir sıra şəhərlərində yenidən küçələrə çıxıb, bəziləri "Xameneiyə ölüm" şüarları səsləndiriblər.
Tikintisi davam edən 10 mərtəbəli Metropol binasının böyük hissəsinin uçması İranda son illərdə baş vermiş ən ölümcül fəlakətlərdən biri olub.
Mayın 23-də baş vermiş qəza İranın nüvə proqramı ilə bağlı ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalar fonunda ərzaq qiymətlərinin artması və digər iqtisadi problemlərlə əlaqədar iğtişaşların baş verdiyi vaxt şəhərdə səkkiz günlük etirazlara səbəb olub.
"Dağıntılar altından tapılan daha bir Abadan vətəndaşının cəsədi ilə Metropol qəzasında ölənlərin sayı 34-ə çatıb" – deyə, binanın sözçüsü mayın 31-də bildirib.
Binanın uçması nəticəsində 37 nəfər yaralanıb, xilasedicilər daha çox cəsədin axtarışını davam etdirir. Hadisənin qurbanı olmuş 25-dən çox insanın cəsədinin hələ də dağıntılar altında qala biləcəyi ehtimal edilir.
Rəsmilər qəzanı korrupsiya və zəif təhlükəsizlik standartları ilə əlaqələndiriblər. İndiyədək tikinti qaydalarını pozan 13 nəfərin həbs edildiyi bildirilir.
Etirazçılar isə deyirlər ki, qəzanın arxasında hökumət səhlənkarlığı və geniş yayılmış korrupsiya dayanır.
Sosial şəbəkələrdə yayılan videoda bəzi etirazçıların ali dini rəhbər Ayətullah Əli Xameneiyə işarə edərək "Xameneiyə ölüm" səsləndirdiyi göstərilir.
İranın neftlə zəngin Xuzistan vilayətinin Abadan şəhərində uzun müddətdir ölkədə ikinci dərəcəli vətəndaş kimi rəftar edilməsindən şikayətlənən İranın ərəb azlıqları yaşayır.