İranın qərbində 22 yaşlı qadının ölümü ilə bağlı etirazların qaynar nöqtələrindən biri olan şəhərin küçələrində bazar ertəsi səhər atəş və partlayış səsləri eşidilib. Fəalların dediyinə görə, yaxınlıqdakı kənddə təhlükəsizlik qüvvələri tərəfindən azı bir nəfər öldürülüb.
Bu insidentlər İranın şəhər, qəsəbə və kəndlərində sentyabrın 16-da Tehranda ölkənin əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümü ilə bağlı nümayişlərin davam etdiyi vaxt baş verib.
İran hökuməti Əmini ilə pis rəftar edilmədiyində israr edir, lakin onun ailəsi onun bədənində qançır və digər döyülmə əlamətlərinin olduğunu deyib. Daha sonrakı videolarda təhlükəsizlik qüvvələrinin məcburi baş örtüyü və ya hicabını çıxaranlar da olmaqla, qadın etirazçıları döydüyü və itələdiyini göstərilir.
Rəsmilərin interneti bağlamasına baxmayaraq, Tehran və başqa yerlərdən onlayn videolar yayılıb. Videolarda bəzi qadınların küçələrdə hicabsız yürüşləri, digərlərinin isə dördüncü həftədir davam edən etirazlar zamanı hakimiyyət nümayəndələri ilə üz-üzə durduğu və küçələrdə od yandırdığı əks olunub.
Nümayişlər 2009-cu ildə Yaşıl Hərəkat etirazlarından sonra İran teokratiyası qarşısında ən böyük sınaqlardan birinə çevrilib.
Kürdlərin "Henqo" insan haqları təşkilatının məlumatına görə, zorakılıq bazar ertəsi səhər İranın Kürdüstan vilayətinin paytaxtı Sənəndəcdə və İraqla sərhədə yaxın Salas Babacani kəndində baş verib. Əslən kürd olan Əminin ölümü İranın sentyabrın 17-də onun dəfn mərasimində nümayişlərin başladığı kürd bölgəsində xüsusilə hiss olunub.
"Henqo" təşkilatı Sənəndəcdəki bir məhəllədə gecə səmasında yüksələn tüstü və sürətli atəş səsləri və insanların qışqırtılarının eşidildiyi görüntüləri yayıb.
Zorakılıq nəticəsində insanların xəsarət alıb-almadığı barədə heç bir məlumat verilməyib. "Henqo"nun daha sonra internetə yerləşdirdiyi videoda odlu silahlar və ov tüfəngləri patronları, eləcə də gözyaşardıcı qaz balonlarının toplandığı videonu nümayiş etdirib.
Rəsmilər Tehrandan təxminən 400 kilometr qərbdə yerləşən Sənəndəcdə bazar ertəsi səhər zorakılıqlarla bağlı məlumat verməyib.
Bazar ertəsi yarı rəsmi Fars xəbər agentliyi İranın Kürdüstan vulayətinin qubernatoru İsmayıl Zəreyi Kouşanın heç bir sübut göstərmədən naməlum qrupların şənbə günü "küçələrdə gəncləri öldürməyə cəhd etdiyini" iddia etdiyini bildirib.
"Henqo" təşkilatının bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələri Sənəndəcdən təqribən 100 kilometr cənub-qərbdə yerləşən Salas Babacani kəndində etiraz edən 22 yaşlı gənci güllələyib və gənc aldığı yaralardan ölüb. Atışma zamanı başqalarının da yaralandığı bildirilib.
Nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı repressiyaları zamanı neçə nəfərin öldürdüyü hələ də məlum deyil. Dövlət televiziyası sentyabrın 24-ü tarixinə qədər nümayişlərdə azı 41 nəfərin öldüyünü bildirmişdi. Son iki həftə ərzində İran hökuməti tərəfindən yeni məlumatlar verilməyib.
Osloda yerləşən "İran İnsan Haqları" qrupunun təxminlərinə görə azı 185 nəfər öldürülüb. Buraya İranın şərqindəki Zahdan şəhərində baş verən zorakılıqlar nəticəsində ölən 90 nəfər də daxildir.