Accessibility links

İranda Aşura ənənəvi səhnələşdirmə ilə qeyd olunur


İldə bir dəfə İranın mərkəzi Nuş-Abad şəhərində şiə İslamında ən müqəddəs anım mərasimlərindən birini keçirmək üçün kişilər döyüşçü paltarı geyinir və uşaqlar isə fövqəltəbii varlıqları təsvir edir.

Aşura Məhərrəm ayının 10-cu gününə təsadüf edir və müasir İraqda Kərbəla döyüşü zamanı Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin 7-ci əsrdə öldürülməsinin xatirəsinə həsr olunur.

İranlı dindarlar Aşuradan iki gün əvvəl Nuş-Abad küçələrində "Karvan" adlı parad təşkil edirlər.

Çərşənbə günü iştirakçılar şəhərlərinin bir əsrdən artıq müddətdir qeyd etdiyi ənənəni saxlayaraq, İmam Hüseynin dövründə geyilən ərəb paltarlarını - rəngarəng naxışlı kostyumlar geyinir.

Bəziləri süvariləri nümayiş etdirir və kəmərlərində xəncərlər, qılınclar taxır. Uzləri qara və ya qırmızıya boyalarla boyanmış uşaqlar qeyri-adi ruhları, digərləri isə ağ və ya çəhrayı qanadlı cinləri təsvir edir.

Rəvayətdə deyilir ki, bu cinlər Kərbəla döyüşündə iştirak edib və Hüseynə yardım təklif ediblər. Hüseyn isə taleyinin döyüş meydanında ölmək olduğunu deyərək, imtina edib.

Yüzlərlə qara paltarlı kişi və çadralı qadın çərşənbə günü qara bayraqlar və üzərində Hüseyn və ailəsini tərifləyən ağ yazılar olan plakatlarla yürüşü seyr edib.

Daha sonra qrup İslam dünyasını idarə etmək istəyən Xəlifə Yezidi rədd edən Hüseynin öldürülməsinə qədər olan hadisələri yenidən canlandırıb.

Dünyanın hər yerində şiə müsəlmanlar İmam Hüseynin ölümünü ədalətsizliyə qarşı mübarizənin simvolu hesab edir.

XS
SM
MD
LG