Accessibility links

İRNA uşaq istismarına etiraz edənləri ‘Pantürkist’ adlandırır


İranın dövlət agentliyi bu günlərdə üç yaşında bir qız uşağının atası tərəfindən işgəncə edilməsini göstərən görüntürlərin ortaya çıxması ardından sosial media və saytlarda uşaq istismarına qarşı kampaniyaları “pantürkistlərin” propaqandası adlandırıb.

Keçən günlərdə internet səhifələrində yayımlanan fotoşəkil və videolarda Şərqi Azərbaycanın Mərənd şəhərində bir qız uşağının atası tərəfindən işgəncə edildiyi görünür.

Zalım ata övladını incidərkən çəkdiyi görüntüləri sabiq həyat yoldaşı, uşağın anasına göndərirmiş. O, tələblərini sabiq həyat yoldaşına qəbul etdirmək üçün, göndərdiyi mesajlarda uşağı daha artiq incidəcəyini önə çəkirmiş

Bölgədə fəaliyyət göstərən türk fəallar işgəncə görüntürlərinin geniş şəkildə yayılmasında əsas rol oynayıblar.

İSNA xəbər agentliyinin bildirdiyinə görə, fotoşəkillər və videoların yayılmasından sonra polis qüvvələri uşağın işgəncəyə məruz qaldığı evi tapıb və onu dövlət qurumlarına yerləşdirib. Amma uşağın “narkoman atası” qaçaq vəziyyətdədir.

Araşdırmalarda məlum olub ki, zalım ata övladını incidərkən çəkdiyi görüntüləri sabiq həyat yoldaşına, yəni uşağın anasına göndərirmiş. O, tələblərini sabiq həyat yoldaşına qəbul etdirmək üçün göndərdiyi mesajlarda uşağı daha artiq incidəcəyini önə çəkirmiş.

Bu arada, İranın rəsmi dövlət agentliyi İRNA işgəncə görüntülərinin yayılması və uşaq istismarına qarşı sosial media paylaşımlarını “pantürkistlərin” propaqandası olaraq dəyərləndirir.

İRNA bu barədə “mərəndli qızın ürək ağrıdıcı klipinin arxa planı nədir?” adlı bir məqalə dərc edib.

“Görüntülərin sürətlə pantürkistlər tərəfindən nəşr edilməsi şübhə doğurur,” deyə İRNA-nın məqaləsində irəli sürülüb.

İRNA həmçinin yazıb ki, “pantürkist qüvvələr Azərbaycanın ucqar qəsəbələri və kəndlərində aşağı siniflər və yoxsul əhalinin arasına nüfuz edərək onların həyatında baş verən olaylardan öz hədəfləri istiqamətində istifadə edir. Bu olayın videosu da çox sürətli şəkildə pantürkistlərə mənsub saytlar və sosial mediada, o cümlədən Günaz TV-də yayımlanıb.”

Çox sayda sosial media istifadəçisi “mən iftixarla pantürkistəm” hashtagi ilə İranın rəsmi dövlət agentliyinə təpki göstərirlər.

Türk fəal və sabiq siyasi məhbus Süheyla Kargər yazıb ki, “ana dilində təhsil tələb edənə pantürkist dediniz. ‘Mən türkəm’ deyənə pantürkist dediniz. İndi isə uşaq haqlarına diqqət çəkənlərə pantürkist deyirsiniz. Bu durumda mən iftixarla pantürkistəm.”

Mühsin Hadi adlı bir istifadəçi pantürkist kimi damğaların artıq tərs istiqamətdə təsir göstərdiyinə diqqət çəkib.

“İnsanları toplumdan təcrid etmək məqsədilə ortaya çıxarılan bir damğanın funksiyası necə dəyişir və necə həmin damğa onları birləşdirir? Bu prosesi görmək istəyirsəniz, Mən iftixarla pantürkistəm hashtagini təqib edin,” deyə o yazıb.

XS
SM
MD
LG