Accessibility links

İranın Bicar şəhərində bələdiyyə işçiləri tətil keçirir


İranın Kürdüstan vilayətində türklərin sıx yaşadığı Bicar şəhərində 50 nəfərdən artıq bələdiyyə işçisi tətil keçirib.

İLNA xəbər agentliyi (Iranian Labour News Agency) bu işçilərin 3 aydan çoxdur maaş və bəzi başqa ödənişlərini almadıqlarını bildirib.

Agentliyin xəbərinə istinadən, Bicar Bələdiyyəsinin xidmət qismində çalışan bu işçilər şənbə günü iyunun 26-da Bicar Şəhər Şurası binasının önündə mitinq keçirdikdən sonra tətil aksiyasına başlayıblar.

Xəbərdə bazar gecəsindən etibarən şəhərdə zibillərin toplanmadığı bildirilib.

“3 aydan artıq maaş və 10 ay iş vaxtından artıq iş saatlarının ödənişini ala bilməyən işçilər deyir ki, yüksək imkanlar və imtiyazlarla təmin edilən bələdiyyə rəsmiləri 3 aydır süfrəsi boş qalan işçilərin tələblərinə heç bir diqqət yetirmir,” İLNA-nın saytında qeyd edilib.

Bicar və Qurvə Kürdüstan vilayətində türklərin sıx yaşadığı iki şəhərdir. Bəzi qaynaqlarda Kiçik Təbriz adı ilə tanınan Bicar şəhəri Qərbi Azərbaycan və Zəncan vilayətinin yaxınlığında yerləşir.

XS
SM
MD
LG