Accessibility links

Təbriz, Sulduz və Bicarda bələdiyyə işçiləri geçikmiş maaşlarını tələb edirlər


Son vaxtlar İranın müxtəlif bölgələrində dövlət qurumlarına çalışan işçilərin aylarla maaş ala bilmədiklərinə dair xəbərlər yayılır.

Agentliklər və sosial mediada yayılan xəbərlər və görüntülərə istinadən, Təbriz, Sulduz və Bicar şəhərlərində bələdiyyə işçiləri gecikmiş maaşları və sığorta problemləri ilə bağlı etiraz aksiyaları keçirirlər.

İLNA xəbər agentliyinin (Iranian Labour News Agency) bildirdiyinə görə, Urmiyə gölünün cənubunda yerləşən Sulduza bağlı Məmmədyar şəhərində bələdiyyə işçiləri aylardır maaş ala bilməyiblər.

Ölkənin bəzi şəhərlərindəki bələdiyyələr kimi Bicar bələdiyyəsinin də maaşları ödəmək üçün yetərli büdcəsi yoxdur.
Mehdi Bəg Məmmədpur, Bicar bələdiyyə başqanı

“Keçən üç ayda sığorta hüququ və maaşları ödənməyən bu işçilər deyirlər ki, ölkənin hazırkı iqtisadi vəziyyətində hər gün qiymətlərin yüksəldiyinə şahidik və ailələrimizin dolanışığını təmin edə bilməyəcəyimizdən narahatıq” - deyə, İLNA-nın Məmmədyar şəhəri ilə bağlı xəbərində dərc edilib.

Agentliyə istinadən, işçilər avqustun 4-də bələdiyyə binası önündə mitinq keçiriblər. Sosial mediada paylaşılan xəbərlərə görə, mitinqlər sonrakı günlərdə də davam edib.

Kürdüstan vilayətində yerləşən və türklərin sıx yaşadığı Bicar şəhərində isə İLNA-nın məlumatına istinadən, bələdiyyə işçilərinin 2 aydır maaş almadığı bildirir. Bicar Bələdiyyə başqanı Mehdi Bəg Məmmədpurun söylədiyinə görə, bələdiyyənin maaşları ödəmək üçün büdcəsi yoxdur.

“Hazırda bələdiyyəmiz iki ay maaş və 4 ay iş vaxtından artıq iş saatlarının ödənişini işçilərə borcludur. Ölkənin bəzi şəhərlərindəki bələdiyyələr kimi Bicar bələdiyyəsinin də maaşları ödəmək üçün yetərli büdcəsi yoxdur” , Mehdi Bəg Məmmədpur söyləyib.

​Təbrizin 4-cü bölgə bələdiyyəsinin işçilərindən bir qrup video çəkərək öz problemlərini anladıblar. Sosial mediada paylaşılan videoda bələdiyyə işçiləri sığorta ödənişlərinin geçikməsi və bəzi digər problemlərindən bəhs edirlər.

İqtisadi vəziyyətin ağırlaşması ilə İran Azərbaycanında bir çox iş yeri və zavodun fəaliyyətinə son verilməsi nəticəsində işsizlərin sayı artmaqdadır.

Keçən may ayında Amerikanın Səsinə müsahibə verən sosioloq Ural Hatəmi İranda yoxsulların əksəriyyətinin əslində çalışan insanlardan ibarət olduğunu önə çəkib.

XS
SM
MD
LG