Accessibility links

İran məhkəməsi pop müğənninin həbs cəzasını ev dustaqlığı ilə əvəz edib


Mehdi Yarrahi
Mehdi Yarrahi

Vəkilinin bildirdiyinə görə, İran məhkəməsi qadınların hicabdan məcburi istifadəsini tənqid etdiyinə görə həbsdə olan pop müğənninin səhhətindəki problem səbəbindən cəzasını həbsxanada deyil, ev dustaqlığında çəkməsinə qərar verib.

42 yaşlı Mehdi Yarrahi avqust ayında "islam cəmiyyətinin əxlaq və adətlərinə" etiraz edən "qanunsuz mahnı" yayımladığı üçün həbs edilib. O, oktyabrda zaminə buraxılıb.

Yanvar ayında məhkəmə Yarrahini bir neçə ittihamla "ümumilikdə iki il səkkiz ay həbs" cəzasına məhkum edib.

İran qanunlarına görə həbs cəzaları eyni vaxtda icra olunur və bu o deməkdir ki, Yarrahi dəmir barmaqlıqlar arxasında yalnız bir il çəkməli olacaq. İndi bu müddət ev dustaqlığına dəyişdiriləcək.

"Müvəkkilimin xəstəliyi və tibbi yardıma ehtiyacı səbəbindən bir illik həbs cəzası (1000 metr hərəkət radiusu ilə) elektron etiketləmə ilə dəyişdirildi", vəkil Zəhra Minueyi bazar günü Twitter kimi tanınan X sosial media səhifəsində yazıb.

Yarrahinin xəstəliyinin nə olduğu açıqlanmayıb.

Onun sözlərinə görə, Yarrahi fevralın 20-dən elektron monitorinq altındadır və məhkəmə qərarına 15 milyard tümən (təxminən 270 min dollar) girov ödənilməsi daxildir.

Müğənni Məhsa Əmininin vəfatının ildönümünə az qalmış fars dilində "sənin baş örtüyün" mənasını verən "Roosarito" trekini yayımlayıb.

22 yaşlı iranlı kürd Əmini 2022-ci il sentyabrın 16-da İranın qadınlar üçün məcburi hicab qanununu pozduğu iddiası ilə həbs olunduqdan sonra polis nəzarətində ölüb.

Əmininin ölümündən sonra İranda başlayan etirazlar zamanı onlarla təhlükəsizlik işçisi olmaqla, yüzlərlə insan öldürülüb və etirazla əlaqəli "cinayətlərə" görə 9 nəfər edam edilib.

Hakimiyyət tərəfindən Qərbin qızışdırdığı “iğtişaşlarda” iştirak etməkdə günahlandırılan minlərlə etirazçı həbs edilib.

Yarrahi "Roosarito" mahnısının yayımlanması ilə bağlı üç dəqiqəlik videoda qadınların hicab örtüb-örtməmək seçimi ilə bağlı hüququnu dəstəklədiyini bildirib və mahnını etiraz hərəkatında iştirak edən "cəsarətli İran qadınlarına" həsr edib.

Yarrahi İran hökuməti tərəfindən keçirilən ən mühüm musiqi tədbiri olan "Fəcr" festivalında ən yaxşı pop müğənnisi mükafatının keçmiş qalibidir.

Forum

XS
SM
MD
LG