Accessibility links

İranda ‘farsca yetərlilik’ testini keçə bilməyən uşaqlar məktəbə alınmır


İranın Təhsil Nazirliyinin bir müddət əvvəl gündəmə gətirdiyi “farsca yetərlilik” testinin İran Azərbaycanının müxtəlif bölgələrində həyata keçirilməyə başladığı bildirilir.

Türklərin yaşadığı bölgələrdə fəaliyyət göstərən ictimai fəallar farsca yetərlilik testini keçməyən uşaqların ilk məktəbə alınmadığını bildirirlər.

İbrahim Savalan: Məktəb müdiri farsca yetərlik testini keçə bilməyən uşağı qüsurlu uşaqlara məxsus məktəbə yönləndirib
İbrahim Savalan: Məktəb müdiri farsca yetərlik testini keçə bilməyən uşağı qüsurlu uşaqlara məxsus məktəbə yönləndirib

Tanınmış türk fəal İbrahim Savalan sosial mediada Ərdəbil vilayətində farsca yetərlilik testi üzündən məktəbə alınmayan bir uşaq haqqında məlumat paylaşıb.

Uşaq fars dilində bir nağıl anlada bilmədiyi təqdirdə ailəsinə uşağı çalışdırıb yenidən müraciət etmək üçün 15 gün möhlət verilir.
İbrahim Savalan

“Bu gün -20 iyul Meşkinşəhr kəndlərindən bir kişi şəhərin təhsil idarəsinə gəlib acı bir şəkildə yalvararaq uşağının qeydiyyata alınmasını xahiş edirdi. Olay bundan ibarətdir ki, onun uşağı farsca yetərlilik testi üçün verilən sualları cavablaya bilməyib. Məktəbin müdiri isə onu qeydiyyata almaqdan imtina edərək qüsurlu uşaqlar məktəbinə göndərilməsi üçün məktub verib” , Savalan Facebook səhifəsində bildirib.

Savalan yazıb ki, Meşkinşəhr Təhsil İdarəsinin sədri Rza Nurizadə kəndli ataya etinasız reaksiya verərək uşağının farsca yetərlilik testini keçməli olduğunu söyləyib.

İbrahim Savalanın bildirdiyinə görə, bəzi məktəblərdə farsca yetərlilik testindən keçirmək üçün türk uşaqlardan istənilir ki, farsca bir nağıl anlatsınlar. Uşaq fars dilində bir nağıl anlada bilmədiyi təqdirdə ailəsinə uşağı çalışdırıb yenidən müraciət etmək üçün 15 gün möhlət verilir.

Türk fəal Milad Balisini isə Qərbi Azərbaycan vilayətinin Şot şəhərində testin icraya qoyulduğunu bildirib.

“Tanışlardan biri uşağını ilk məktəbə yazdırmaq üçün iyulun 16-da Şot şəhərinin Şəhid Rəcayi Məktəbinə müraciət edib. Digər sağlamlıq testləri yanında farsca yetərlilik testini də həyata keçiriblər. Uşağın farsca səviyyəsini müəyyənləşdirmək üçün onunla 15 dəqiqə farsca danışıblar” , Balisini yazıb.

Keçən may ayında İranın Təhsil Nazirliyi “farsca yetərlilik testi”-nin məktəbəqədər uşaqlar üçün keçirilən müntəzəm sağlamlıq testlərinə əlavə olunacağını bildirdi. İbtidai təhsil üzrə nazir müavini Rizvan Həkimzadənin açıqlamalarına əsasən, hazırlıqların tamamlandığı bölgələrdə 4 yaşındakı qeyri-fars uşaqlar da bu testlərdən keçirilə bilər.

Amerikanın Səsinə müsahibə verən türk dil haqları müdafiəçiləri “farsca yetərlilik testi”-ni assimilyasiya siyasətini sürətləndirmək və ailələri evdə də fars dilində danışmağa məcbur etmək məqsədi ilə ortaya qoyulan bir təşəbbüs olaraq dəyərləndiriblər.

XS
SM
MD
LG