Accessibility links

İranda futbol stadionuna daxil olmaq istəyən 35 qadın azarkeş saxlanıb


İran İslam Respublikasında futbol stadionuna daxil olmaq istəyən 35 qadın azarkeş saxlanıb.

BBC xəbər verir ki, "Esteqlal" və "Persepolis" komandaları arasında keçirilən oyuna baxmaq üçün bilet almış qadınları polis məntəqələrinə aparıblar.

İranın yarı-rəsmi İSNA agentliyi isə Daxili İşlər Nazirliyinin sözüsü Seyyed Salman Samaniyə istinadla yazır ki, qadın azarkeşlər saxlanmayıb, "polis tərəfindən uyğun məkana aparılıb".

Bu hadisə FIFA-nın rəhbəri Gianni Infantinonun İrana səfəri zamanı baş verib.

Tehranda 95 minlik Azadi stadionunda baş tutan "Esteqlal"- "Persepolis" oyununa İnfantino da baxıb.

O, İran futbolunun 100 illiyi ilə bağlı keçirilən tədbirlərə qatılmaq üçün bu ölkəyə gedib.

Güman edilir ki, qadın azarkeşlər də elə öz problemlərinə diqqət çəkmək üçün bilet alıb stadiona girməyə çalışıblar.

Qərb mediasında onu qadınların stadionlara buraxılmaması insidentinə sərt reaksiya verməməkdə qınayıblar.

Martın 2-də Sürixdə mətbuat konfransında İnfantino deyib ki, İran prezidenti Həsən Ruhani onu İran qadınlarının futbol matçlarına tamaşa etmək üçün stadionlara buraxılacağına əmin edib, hərçənd buna “bir balaca” vaxt lazım gələ bilər.

Infantino FIFA-nın Sürixdəki qərargahında deyib ki, ona İran qadınlarının bu yaxınlarda stadionlara buraxılacağına dair vəd verilib.

İran İslam İnqilabından bəri İranda qadınlar stadiona buraxılmır.

Bu məsələ hər dəfə gündəmə gələndə cəmiyyətdə böyük debatlar doğurur.

Bir çox ziyalılar qadınların stadionlara buraxılmasının şəriətə zidd olmadığını bildirirlər.

XS
SM
MD
LG