İranın İraqla sərhəd bölgəsində bazar günü baş verən zəlzələ 400-dən çox insanın ölümünə, 6 mindən çox insanın yaralanmasına səbəb olub.
İranın dövlət mediası ölənlərin çoxunun Kirmanşah vilayətinin Zərpali-Zəhab şəhərinin sakinləri olduğunu bildirib.
Xilasedicilər və yardım qrupları bazar ertəsi səhərədək zəlzələnin baş verdiyi bölgədə xilasetmə işləri aparıb.
Birləşmiş Ştatların Geolojo Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, 7.3 bal gücündə zəlzələnin episentri İraqın Kürdüstanı regionundakı Hələbcə şəhəri yaxınlığında yerləşir.
İraqın baş naziri Heydər Əl-Abadi səhiyyə və yardım agentliklərinə zəlzələnin baş verdiyi ərazidə yardım işləri aparmaları barədə göstəriş verdiyini bildirib.
Güclü zəlzələdən sonra gecə saatlarında davam edən yeraltı təkanlar səbəbindən insanlar evlərini tərk etməyə məcbur olub. İran və İraqın bir neçə yaşayış məntəqəsində elektrik və telefon xətləri kəsilib.