Accessibility links

İranın cənub-şərqində silahlı şəxslər 6 polis işçisini qətlə yetirib


Medianın bildirdiyinə görə, çərşənbə axşamı İranın cənub-şərqində silahlı şəxslər polis karvanını pusquya salaraq, altı polis əməkdaşını qətlə yetirib.

Dövlətə bağlı yayım şirkəti Gənc Jurnalistlər Klubu saytının məlumatına görə, Sistan-Bəlucistan vilayətindəki yoldakı hücum zamanı daha iki polis əməkdaşı da yaralanıb. Xəbərdə deyilib ki, hücuma görə məsuliyyəti "Ceyiş Əl-Ədl" silahlı qruplaşması öz üzərinə götürüb.

Məlumatı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb. İddialara görə, militantlar bölgədəki etnik bəluc azlığının hüquqlarına görə mübarizə aparır. İran və bəzi digər dövlətlər "Ceyiş Əl-Ədl"i terror qruplaşması kimi tanıyır.

Hücum son həftələr ərzində təhlükəsizlik qüvvələrini hədəf alan ikinci hücumdur ki, bu, regionda təhlükəsizlik vəziyyətinin pisləşdiyinə işarədir. Keçən həftə vilayətin üç ayrı bölgəsində baş verən toqquşmalarda İranın 10 əsgəri və 18 militant ölüb. Təhlükəsizlik qüvvələrinin 6 üzvü isə daha sonra xəstəxanada vəfat edib.

Əfqanıstan və Pakistanla həmsərhəd olan vilayət vaxtaşırı silahlılar və narkotik maddə qaçaqmalçıları ilə İran təhlükəsizlik qüvvələrinin arasında ölümcül toqquşmaların baş verdiyi regiona çevrilib. Dekabr ayında militantlar vilayətdəki polis bölməsinə hücum edərək, təxminən 10-a yaxın polis əməkdaşını öldürüb.

Sistan-Bəlucistan İranın ən az inkişaf etmiş bölgələrindəndir. Bölgənin çoxluq təşkil edən sünni müsəlmanları ilə İranın şiə teokratiyası arasında münasibətlər uzun müddətdir gərgin vəziyyətdədir.

Forum

XS
SM
MD
LG