İranda son 24 saat ərzində koronavirusdan 129 nəfər ölüb ki, bu da bu xəstəlik səbəbindən ölənlərin sayını 853-ə çatdırıb. Bazar ertəsi Səhiyyə Nazirliyinin bir rəsmisi İranda koronavirusa yoluxanların sayının artıq 14.991 nəfər olduğunu bildirib.
"Son 24 saat ərzində bizdə 1053 yeni koronavirus və 129 yeni ölüm hadisəsi təsdiqləndi" - deyə, Alireza Vahabzadə Tweetter səhifəsində yazıb.
Çindən kənarda ən çox ölüm hallarının olduğu ölkələrdən biri olan İran rəsmiləri virusun yayılmasının qarşısını almaq üçün insanları evdən çıxmamağa çağırır.
İran höküməti cümə günü virusa qarşı mübarizə aparmaq üçün ölkədə yarı-hərbi vəziyyət elan edilə biləcəyini bildirib. Dövlət televiziyası təhlükəsizlik qüvvələrinin ölkə boyu səfərbər olunacağını və insanları mağazalar və küçələrdən təmizləyəcəkləri barədə məlumat yayıb.
İranın qlobal səhiyyə üzrə alimi Kəmair Alai Amerikanın Səsinin Fars xidmətinə bildirib ki, o, İranda həqiqi yoluxma hallarının 40 minə yaxın olduğuna inanır.