Accessibility links

İranın müxtəlif bələdiyyələrində korrupsiya ittihamı ilə həbslər davam edir


İranın rəsmi və yarı-rəsmi xəbər agentlikləri bu yaxınlarda Şərqi Azərbaycan vilayətinin Binab şəhəri və “Fars” vilayətinin Sədra şəhərinin bələdiyyələrində rüşvət və korrupsiya ittihamı ilə əlaqədar azı 13 adamın nəzarət altına alındığını bildiriblər.

İLNA və Fars agentliklərinin bildirdiyinə görə, hər iki bələdiyyədə korrupsiya dosyesi ilə bağlı daha əvvəl də həbslər baş verib.

Şərqi Azərbaycan vilayətinin Binab şəhərinin bələdiyyəsində korrupsiya dosyesi 2016-cı ilin oktyabr ayında açılıb. Bu müddətdə, Fars xəbər agentliyinə istinadən, şəhər şurası üzvləri, bələdiyyə müdirləri və bələdiyyə ilə çalışan podratçılar daxil olmaqla 44 adam həbs edilib.

2016-cı ildə Təbriz Bələdiyyəsində korrupsiya dosyesi ilə bağlı onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvünün saxlanılması ilə əlaqədar xəbərlər uzun müddət medianın gündəmində qaldı.

Son vaxtlar həmçinin “Kohgiluyə və Boyer-Əhməd” və Tehran vilayətlərinin bəzi bələdiyyələrində həbslər baş verib.

Bələdiyyələrdə rüşvət və korrupsiya halları ilə əlaqədar xəbərlərin gündəmdə olduğu bu günlərdə xəbər agentlikləri və sosial mediada yayılan məlumata görə, Təbriz, Sulduz və Bicar şəhərlərində bələdiyyə işçiləri gecikmiş maaşları və sığorta problemləri ilə bağlı etiraz aksiyaları keçirirlər.

İran bələdiyyələrində korrupsiya hallalarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

İnqilab Keşikçiləri Korpusuna (Sepah) bağlı şirkətlər, habelə birbaşa İranın ali ruhani lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmirlər.

Şərhlərə bax

XS
SM
MD
LG