İran İraqın Kürdüstan regionuna uçuşları dayandırıb. Buna səbəb Kürdüstanın müstəqillik referendumudur. Bu, İran tərəfindən ilk konkret bir intiqam addımıdır. Belə ki, həm yerli hökumət, həm də İran və Türkiyə kimi güclü dövlətlər referendumun əleyhinədir.
Yarı-muxtar Kürdüstan regional höküməti yerli və qərb gücləri tərəfindən səsvermənin təxirə salınması çağırışlarından sonra sentyabrın 25-də müstəqillik üçün referendum planını təsdiqləyib.
İraqın Ali Məhkəməsi baş nazir Heydər Əl-Əbədinin ölkənin Kürdüstan regionunda bu ayın sonu müstəqilliyə dair referedumun dayandırılmasına dair müraciətini qəbul edib.
Məhkəmənin bildirdiyinə görə, səsvermə referendumun konstitusiyaya uyğun olması məsələsinə baxılana qədər təxirə salınır.
Heydər Əl-Əbədi Assoşieyted Press agentliyinə müsahibə də daxil olmaqla, dəfələrlə referendumun əleyhinə çıxış edib. Baş nazir müstəqilliyə dair səsverməni İraqın suverenliyinə qarşı zorakılıqlara yol açacaq təhlükəli addım kimi qiymətləndirib.
O, İraqın xəbər agentliyinə Kürdüstan muxtar regionunun üç vilayətində referendumun keçirilməsi planlarını davam etdirən kürdlərin “odla oynadığını” bildirib.
Kürdüstan bölgəsində referendumun keçirilməməsinə dair çağırışlar dəfələrlə əhəmiyyətsiz qalıb. Ali Məhkəmə qərarın yerinə yetirilməsini təmin etmək üçün kifayət qədər gücə malik deyil.
Kürdüstan prezidenti Məsud Barzani isə deyib ki, referendum dərhal heç bir dəyişikliyə yol açmayacaq, əksinə rəsmi Bağdadla gələcəkdə müstəqillik məsələsini gündəmə gətirəcək.