Accessibility links

İran liderləri Nimr Əl-Nimrin Səudiyyə Ərəbistanında edamına etiraz edir [Yenilənib]


İranın ali dini lideri bildirib ki, Səudiyyə Ərəbistanı Şeyx Nimr Əl-Nimrin edamına görə "İlahi qisas"ı alacaq. Tanınmış şiə ruhani olan Əl-Nimr Səudiyyə Ərəbistanında hakim kral ailəsinin sərt tənqidçisi idi.

Ayətulla Əli Xamaneyi bildirib ki, bu şəhidin ədalətsiz şəkildə qanının tökülməsinin nəticələri tez bir zamanda görünəcək. Ali lider deyib ki, Nimr heç kəsi silahlı fəaliyyətlərə ruhlandırmayıb, o, ancaq öz dini inamlarına əsasən tənqid səsini ucaldıb.

İranın İnkişaf Keşikçiləri bildirib ki, Nimrin edamı Səudiyyə Ərəbistanı monarxiyasının süqutuna gətirib çıxaracaq. Keşikçilər Nimrin edamını "Orta Əsrlər dövrünə aid vəhşilik" adlandırıb.

Nimrin edamı beynəlxalq etiraza və regionda diplomatik gərginliyin anidən ciddi şəkildə artmasına səbəb olub. Şiələr əksəriyyə təşkil etdiyi ərazilərdə nümayişlər istisna deyil.

İran prezidenti Həsən Ruhani Şeyx Nimr an-Nimrin edam edilməsini Səudiyyə Ərəbistanı hökumətinin qeyri-insani və qeyri-islami addımı adlandırıb, edamı kəskin pisləyib.

Ruhani deyib ki, bu qeyri-insani hərəkəti pisləməklə yanaşı, onu insan haqlarına və islami dəyərlərə zidd hesab edir: “Şəhid Nimrin ailəsinə, alimlərə və bütün müsəlmanlara başsağlığı verirəm. Şübhəm yoxdur ki, Səudiyyə Ərəbistan hökuməti bu qeyri-islami hərəkəti ilə dünya ölkələri, xüsusilə İslam ölkələri arasında korlanmış simasını daha da korladı. Bu kimi hərəkətlər ayrı-seçkilik, regionda və dünyada terrorizm və ifratçılığın yayılması istiqamətində atılmış addımdır. Necə ki, son illər bu kimi hərəkətlərin nəticəsidir ki, regionda sabitsizlik hökm sürür və müharibələr gedir. İranın müsəlman xalqı dünyanın digər müsəlmanları kimi bu islama zidd hərəkəti pisləməklə yanaşı, bu cinayətin ölkə daxilində hansısa qrup və şəxslərin əlində qanunsuz hərəkətlər etmək üçün bəhanə olmasına da icazə verməyəcək. Ötən gecə bir qrup ifratçı şəxsin Tehran və Məşhəddə Səudiyyə Ərəbistanının səfirlik və konsulluğuna etdiyi hücumlar qəbulolunmazdır. Bu kimi hərəkətlər İran İslam Respublikasına hörmətsizlikdir. Ölkənin bütün məsul şəxsləri özbaşınalıq və cinayət xarakterli hərəkətlərə qarşı ciddi ölçü götürməkdə qərarlıdırlar. Bu baxımdan Daxili İşlər Nazirindən istəyirəm ki, Məhkəmə Sistemi və Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq şəraitində bu hücumları təşkil edənlərin və hücumlarda rolu olanların tapılıb məsuliyyətə cəlb olunmasına çalışsın. Beləliklə, bu kimi işlərə son verilsin və xarici ölkələrin İrandakı siyasi nümayəndəliklərinin təhlükəsizliyinin tam təmin olunmasına zəmanət verilsin”.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı terror hücumlarının təşkilində ittiham olunan 47 nəfər haqqında çıxarılmış ölüm hökmünü icra edib.

Haqqında edam cəzası çıxarılan şəxslər arasında "Əl-Qaidə" terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris Əl-Zəhrani və şiə din xadimi Nimr-Əl Nimr da var.

Nimr-Əl Nimr Səudiyyə Ərəbistanı əhalisinin 15 faizini təşkil edən şiələrin sıxışdırılmasına etiraz edən din xadimlərindən biri olub.

XS
SM
MD
LG