Dünən İran tərəfindən həbsdən azad edilən amerikalılardan biri vətəninə qayıdıb. Digər bir neçə nəfər isə Almaniyanın hərbi xəstəxanasında müayinədən keçir.
İran həbsxanalarından azad olunmuş 4 amerikalı yanvarın 17-də Tehranı tərk edib. Həmin şəxslər məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıb.
Onlar “Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri Jeyson Rzayan, Aydaho ştatından keşiş Said Abedini, keçmiş dəniz piyadası Amir Hikməti və Nüsrətullah Xosravi-Rudsaridir.
ABŞ mediası adı çəkilməyən rəsmiyə istinadla yazır ki, həmin 4 nəfər Tehranı İsveçrə təyyarəsində tərk edib.
“Washington Post” Rzayanın həyat yoldaşı Yeganə Salehi ilə birlikdə İrandan “sağ-salamat” çıxdığını təsdiqləyib. Rzayan casusluq ittihamı ilə bir ildən artıq həbsdə qalıb.
ABŞ dövlət katibi Con Kerri amerikalıların həbsini ədalətsizlik kimi qiymətləndirib.
"Bu gün amerikalılar vətəndaşlarımızın azadlığa buraxılmasını bayram edir"-deyə Kerri Twitter səhifəsində yazıb.
Məhbus mübadiləsi çərçivəsində Amerika 7 iranlını əfv edib.