Accessibility links

İranın xarici işlər naziri rusiyalı həmkarı ilə görüşəcək


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Məqsəd Tehranın dünyanın altı ölkəsi ilə imzaladığı nüvə sazişini xilas etməkdir. Zərif daha öncə Çində olub.

Nazir danışıqlardan öncə deyib ki, sənədi imzalayan qalan ölkələrin onu qorumağa “qanuni maraqları” var və “bu səbəbdən bir-birimizin qanuni maraqlarını birlikdə qorumalıyıq”.

“AYDIN GƏLƏCƏK”

ABŞ prezidenti Donald Tramp 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmaqla bağlı qərarını açıqladıqdan sonra İran və sənədə imza atmış digər ölkələr onu qorumağa çalışır. Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində İrana beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Zərif Moskvadan sonra Brüsseldə gedəcək, Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini ilə görüşəcək. Mayın 15-də onlar Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri ilə bir araya gələcək.

Rusiya, Çin, Almaniya, Fransa və Britaniya nüvə sazişini imzalayıblar. Onlar Vaşinqtonu sazişdən çıxmamağa çağırıb, bunun İranın nüvə silahı hazırlamasını əngəlləməyin ən yaxşı yolu sayırlar.

Tramp İranın sənədin “ruhu”nu pozduğunu, Yaxın Şərqdə zorakılığı maliyyələşdirdiyini, ballistik raket sınaqlarını davam etdirdiyini bildirir.

İran isə bütün bunları danır, nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

Zərif mayın 13-də Pekində sazişin “aydın gələcəyi” olmasına ümidini dilə gətirib.

Ümid edirik, Çinə və digər ölkələrə səfərlərlə hərtərəfli sazişin aydın gələcək dizaynını qura biləcəyik”- deyə, Zərif çinli həmkarı Uanq Yi ilə danışıqlardan sonra jurnalistlərə deyib.

Nüvə sazişi davam edəcəksə, İran xalqının maraqları təmin olunmalıdır”, – Zərif bildirib.

“SİYASİ ETİKANIN POZULMASI”

İran prezidenti Həsən Ruhani qeyd edib ki, ABŞ-ın sazişdən çıxması qlobal siyasi fərqlərin həllində diplomatiyanın sonu demək olar.

ABŞ-ın beynəlxalq sazişdən çıxması həmçinin siyasi etikanın pozulmasıdır, diplomatik həllin sonunu göstərir”, Ruhani deyib.

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Fox News-a deyib ki, Vaşinqton avropalı tərəfdaşları ilə birlikdə daha genişmiqyaslı İran sazişi formalaşdırmağa hazırdır.

Ümid edirəm, qarşıdakı günlər və həftələr ərzində həqiqətən işləyən, dünyanı İranın pis davranışından, təkcə nüvə proqramından deyil, raketlərindən, məkrli davranışından da qoruyan saziş hazırlaya biləcəyik”, Pompeo əlavə edib.

Bu arada İran parlamentinin vebsaytı xarici işlər nazirinin müavini Abbas Araqçıya istinadla yazıb ki, İranın maraqlarının təminatı üçün Avropa ölkələrinə vaxt verilib. “Avropalıların İranın maraqlarının təminatı, ABŞ-ın sənəddən çıxmasının vurduğu ziyanı kompensasiya etməsi üçün 45-60 günü var”, o deyib.

XS
SM
MD
LG