Rusiya prezidenti Dmitri Medvedev İranın nüvə proqramı ilə əlaqədar sanksiyalar məsələsində beynəlxalq razılaşmanın mövcud olduğunu bəyan edib.
Rusiya lideri bu açıqlamaları Almaniya kansleri Angela Merkellə iki gün sürən danışıqlardan sonra verib. Cənab Medvedev deyib ki, o, İran rəhbərliyinin beynəlxalq ictimaiyyətin səsini eşidəcəyinə ümid bəsləyir.
Rusiya onun uzun zamandır ticarət partnyoru olan İrana qarşı sanksiyaların tətbiqinə meylli deyildi.
Dünən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, BMT Təhlükəsizlik Şurası mübahisəli nüvə proqramına görə İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsi üzərində işi bitirməyə yaxındır.