Accessibility links

İran parlamenti Ruhaninin kabinet üzvlərinin əksəriyyətini təsdiq edib


İran qanunvericiləri bazar günü bu yaxınlarda yenidən prezident seçilmiş Həsən Ruhaninin kabinet üzvlüyünə irəli sürdüyü namizədlərin əksəriyyətini təsdiq edib. Buraya son 25 ildə ilk dəfə olaraq İranın sərt-xətt tərəfdarı İnqilabi Qvardiyası ilə əlaqəsi olmayan müdafiə naziri də daxildir.

Parlamentin spikeri Əli Laricani bildirib ki, qanunvericilər namizədliyi irəli sürülmüş 17 nazirdən 16-nı təsdiq edib. Onlar arasında xarici işlər naziri Məhəmməd Cavad Zərif səsvermədə iştirak edən 288 qanunvericidən 236-nın səsini, neft naziri Bigan Zingano isə 230 səs alaraq təsdiq edilib.

Ən çox səs müdafiə naziri vəzifəsinə təsdiq edilmiş general Əmir Hatamiyə verilib. Onun vəzifədə təsdiq edilməsinə 261 qanunverici səs verib. Bu, ilk dəfədir ki, İranda son 25 ildə müdafiə naziri vəsifəsinə İnqilabi Qvardiya ilə əlaqəsi olmayan namizəd təyin edilir.

51 yaşlı Hatami parlamentdə çıxışında deyib ki, İranın raket proqramının gücləndirilməsi onun əsas prioritetlərindədir.

“Biz ballistik raket qüdrətinin yaxşılaşdırılması üçün xüsusi səy göstərəcəyik”, o bildirib.

Ruhani Hatamini İran ordusu və İnqilabi Qvardiya arasında münasibətləri yaxşılaşdırmağa, ölkənin hərbi arsenalının gücləndirilməsinə çağırıb.

Müdafiə naziri həm ordu, həm də Qvardiyanın silahlandırılmasına görə məsuliyyət daşıyır. İranın ballistik raket sınaqları İnqilabi Qvardiyaya həvalə olunub.

İranın ali dini rəhbəri Ayətullah Xameneiyə tabe olan İnqilabi Qvardiya İran körfəzində ABŞ hərbi dəniz qüvvələri ilə müntəzəm qaydada gərgin qarşıdurmalar yaradır. Qvardiya İŞİD-ə qarşı mübarizə məqsədilə İraqda hərbi qüvvə yerləşdirib. Eyni zamanda, İnqilabi Qvardiya Suriyada prezident Bəşar Əl-Əsədə dəstək göstərir.

XS
SM
MD
LG