İran hakimiyyəti casusluğa görə həbs edilmiş İran və kanadalı fəal Kavous Sayed Emaminin həbsxanada özünə qəsd etdiyini bildirir.
Tehran prokuroru Abbas Jəfəri Dolatabadi yarı-rəsmi İLNA agentliyinə onun həbsxanada özünü öldürdüyünü bildirib.
Onun ölümü barədə ilk olaraq oğlu, iranlı musiqiçi Raam Emami məlumat yayıb.
Onun sözlərinə görə anası fevralın 9-da atasının ölüm xəbərini alıb.
Ekoloji fəal, sosioloq Sayed Emaminin ikili-İran və Kanada vətəndaşlığı var idi.
Sayed Emami İranda nadir heyvanların mühafizəsi ilə məşğul olan İran Təbiət İrsi Fondunun icraçı direktoru idi.
O həm də Tehranda “Imam Sadegh” universitetinin professoru olub. Sayed Emami uzun illər İranın gələcək liderlərinin təhsil aldığı sərt-xətt yönlü bu universitetdə sosiologiyadan dərs deyib. O, müxalif görüşlərini təqdim etmək kimi bir vəzifəsi olduğunu düşündüyünü bildirirdi.
Emami yanvarın 24-də həbs edilmişdi.
Kanada xarici işlər nazirliyinin sözçüsü məsələnin araşdırıldığını deyir.
Bu son vaxtlar İran həbsxanasından gələn ilk belə xəbər deyil.
İranın məhkəmə sistemi bundan əvvəl də bu yaxınlarda keçirilən etiraz nümayişləri zamanı həbs edilən fəallardan 3-nün həbsxanada özlərini öldürməsi barədə məlumat yayıb.
Amma iranlıların əksəriyyəti bu versiyaya inanmır.
Bu yaxınlarda İranda sosial tələblərlə başlayan etirazlar tezliklə ölkə boyu hökumət əleyhinə kütləvi nümayişlərə çevrildi.
Həmin etiraz aksiyasından sonra ölkədə kütləvi həbslər başladı. Hazırda xeyli adam hələ də həbsdədir. Etiraz aksiyaları bir neçə həftədir ki, dayanıb.