Accessibility links

İran hakimiyyəti 2019-cu il repressiya qurbanlarının anım mərasiminin keçirilməsinə icazə verməyib


İran hakimiyyəti 2019-cu ilin noyabrında hökumət əleyhinə nümayişlərə qarşı qanlı repressiyanın qurbanlarının xatirəsini anmağa mane olub. Belə ki, həmin hadisələrin üçüncü ildönümü sentyabr ayında İranın əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı qadının ölümünə qarşı baş qaldıran ümummilli etirazlarla eyni vaxta təsadüf edir.

İrandan gələn xəbərlərə görə, 2019-cu ilin noyabrında keçirilən etiraz aksiyası zamanı güllələnərək öldürülən iki nəfərin qohumları - 18 yaşlı Pejmən Qolipur və 27 yaşlı Puyə Bəxtiyari anım mərasimindən əvvəl həbs edilib.

Müxalif fəalların kollektivi olan "1500tasvir"in bildirdiyinə görə, Qolipurun valideynləri və qardaşı noyabrın 17-də Gilanda həbs edilib. Təhlükəsizlik qüvvələri onların mobil telefonlarını əlllərindən alaraq, Instagram-da Qolipurun anım mərasiminin təxirə salınması ilə bağlı mesaj yayımlayıb.

Bəxtiyarinin bacısı bildirib ki, onun bütün ailə üzvlərinin internetə çıxışının qarşısı alınıb və anım mərasimində iştirak etməmələri üçün qohumlarına evlərindən çıxmamaq əmri verilib.

2019-cu ildə benzinin qiymətində gözlənilməyən artımın səbəb olduğu etirazlar zamanı öldürülən yüzlərlə nümayişçi arasında Qolipur və Bəxtiyari də olub.

İranın 100-dən çox şəhər və qəsəbəsinə yayılan və günlərlə davam edən etirazlara Qolipur və Bəxtiyari də qoşulmuşdu. Etirazlar tez bir zamanda siyasi xarakter almış, bir çoxları İranın dini sisteminə və liderlərinə qarşı şüarlar səsləndirmişdi.

Reuters xəbər agentliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri tərəfindən təxminən 1500 nəfər öldürülüb. Etirazların əksəriyyəti dörd gün davam etsə də, yan təsirli toqquşmalar 2020-ci ilin iyul ayına qədər davam edib.

AzadlıqRadiosunun İran bölməsi olan Fərda radiosuna daxil olan videolarda noyabrın 17-də İranın Sari, Sənəndəc, Zərqan və digər şəhərləri də daxil olmaqla, müxtəlif şəhərlərində kütləvi tətillər davam edib. Bu artıq üçüncü gündür ki, mağaza sahibləri və bizneslər Məhsa Əminin ölümü ilə əlaqədar etirazlar üçüncü ayına daxil olduğu bir vaxt təqiblərin artmasına rəğmən tətil edirlər.

Əmini baş örtüyünü və ya hicabını düzgün örtmədiyi iddiası ilə əxlaq polisi tərəfindən nəzarətə alındıqdan sonra ölüb. Ailəsi və tərəfdarları onun möhkəm döyüldüyünü desə də, İran rəsmiləri onun ölümünə səbəbin "xəstəlikləri"nin olduğunu iddia edib.

İranın şimal-şərqindəki Məşhəd şəhərindən göndərilən videolarda təhlükəsizlik qüvvələrinin etiraz əlaməti olaraq dükanlarını bağlayan mağaza sahiblərini yenidən açmağa məcbur etməyə çalışdığını görmək olub. Bu videolardan birində zabitlərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyini də görmək olub.

Sosial mediada yayımlanan videolarda İranın kürdlərin məskunlaşdığı Bukan şəhərinin küçələrindəki çox sayda insanın təhlükəsizlik işçiləri ilə toqquşması göstərilib.

Norveçdə yerləşən "Hengaw" hüquq müdafiə təşkilatı noyabrın 16-da İranın qərbindəki Sənəndəc şəhərində kütləvi etirazların keçirildiyini bildirib. Təşkilat kürdlərin yaşadığı şəhərdə azı iki etirazçının öldürüldüyünü təsdiqləyib.

XS
SM
MD
LG