Accessibility links

Etirazlara görə iranlı gənclər edam cəzası ilə üz-üzədir


İnsan haqları qrupları deyirlər ki, Tehran etirazları yatırmaq üçün qorxutma taktikası kimi ölüm cəzasından istifadə etdiyi üçün aralarında həkim, rep sənətçiləri və futbolçu olmaqla, təxminən iyirmi iranlı asılma riski ilə üzləşir.

Keçən həftə 23 yaşlı Möhsün Şəkəri və Məcidreza Rəhnavardın edam edilməsi, əsasən də Rəhnavardın həbsxanada deyil, ictimaiyyət qarşısında krandan asılması böyük rezonansa səbəb olub.

Lakin qruplar xəbərdarlıq edirlər ki, beynəlxalq tədbirlər daha sərt olmadan edamlar daha çox davam edəcək. Onlar etirazlara görə artıq onlarla insanın ölümə məhkum edildiyini və eyni sayda insanın asılaraq edam oluna biləcək cinayətlərlə ittiham olunduğunu bildrib.

"Edamların siyasi dəyəri əhəmiyyətli dərəcədə artırılmasa, biz kütləvi edamlarla üzləşəcəyik" - deyə, Norveçdə yerləşən İran İnsan Haqları qrupunun direktoru Mahmud Amiri Moqəddəm bildirib.

Moqəddəm İran liderlərini "insanlar arasında qorxu yaymaq və rejimi ümummilli etirazlardan xilas etmək" üçün edamlardan istifadə etməkdə ittiham edib.

Etirazlar İranın əxlaq polisi tərəfindən baş örtüyünü düzgün örtmədiyinə və ölkənin geyim qaydalarını pozduğuna görə saxlanılan 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayıb və 1979-cu il inqilabından sonra İslam Respublikası üçün ən böyük problem yaradıb.

Son günlər, eləcə də edamlardan sonra etiraz fəallığının səngiməsi ilə bağlı heç bir məlumat verilməyib.

İran rəsmiləri ölüm hökmümü ilə üzləşənləri "iğtişaşçılar" adlandırır və ölkənin şəriət qanunlarına tam uyğun olaraq mühakimə olunduqlarını deyir.

Beynəlxalq insan haqları qrupu Amnesty İnternational hazırda etirazlara görə 11 nəfərə ölüm hökmü çıxarıldığını və digər 9 nəfərin də ölüm hökmü ilə nəticələnə biləcək cinayətlərdə ittiham olunduğunu təsdiq edib.

Amnesty İnternational İran hakimiyyətinin ölüm hökmlərini və icrasını "sürətli şəkildə" həyata keçirdiyini, edam hökmü gizli saxlanan insanların "hər an" edam oluna biləcəyini deyib.

XS
SM
MD
LG