Accessibility links

İranda etirazlar zorakılıqlarla davam edir


İranın ali dini lideri keçən həftədən bəri başlayan zorakı anti-hökumət etirazlarında İslam Respublikasının düşmənlərini günahlandırıb.

Televiziya və özünün web səhifəsində açıqlanan bəyanatında Ayətulla Əli Xameneyi bunları deyib: “Son günlərdə İranın düşmənləri İslam Respublikasında böhran yaratmaq məqsədilə pul, silah, siyasət və kəşfiyyat aparatları da daxil olmaqla, müxtəlif vasitələrdən istifadə edir”.

Xameneyi hadisələrin gedişi ilə bağlı xalqa müraciətin doğru zamanda ediləcəyini bildirib.

İranın dövlət televiziyasının bugünkü buraxılışında keçən gecə də davam edən anti-hökumət etirazları zamanı daha 9 nəfərin öldürüldüyü bildirilib. Beləliklə, keçən həftədən bəri iqtisadiyyatdakı duruma qarşı başlayan etirazlarda ölənlərin sayı 20-dən çoxdur.

Digər məlumatda etirazçıların Qəhdərican şəhərindəki polis məntəqəsinə hücum edərək, silah oğurlamaq istədikləri vaxt 6 nəfərin öldürüldüyü bildirilib.

Dövlət mediası Nəcəfabad şəhərində bir polis zabitinin öldürüldüyünü bildirib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp bu gün Twitter səhifəsində “iranlılar nəhayət qəddar və korrupsioner rejimə qarşı çıxdı”, bildirib.

İran prezidenti Həsən Ruhani bazar ertəsi təhlükəsizlik qüvvələrinin etirazçılara və qanunu pozanlara cavab verəcəyini deyib.

Həsən Ruhani ölkə boyu insanların hökumətə etiraz etmək və tənqid etmək hüququ olduğunu deyib.

​İranın dövlət mediası Ruhaninin nümayişlərlə bağlı bu açıqlamaları bazar günü kabinetinin iclasında verdiyi haqda məlumat verib. Lakin dövlət mediasının verdiyi məlumata görə, Ruhani deyib ki, etirazçılar diqqətləri ölkənin problemlərinin həlli və insanların həyatının yaxşılaşdırılmasına yönəltməlidir.

İndiana universitetinin professoru Hüseyn Bənainin bildirdiyinə görə, 1979-cu ildən bəri iqtisadi böhran və sərvətlərin qeyri-bərabər paylanması İran rejiminin bir hissəsinə çevrilib və etirazlara məhz bu problemlər səbəb olub.

"Sanksiyaların yüngülləşdirilməsindən sonda əldə edilən pullar iranlıların rifah halının yaxşılaşdırılmasına deyil, Yəmən və Suriya kimi ölkələr daxil edilməklə, regionda İranın nüfuzunun artırılmasına sərf edilib", Bənayi bildirib.

O əlavə edib ki, bundan əvvəlki nümayişlərə tələbələr, ziyalılar və fəallar başçılıq edirdisə, bu dəfə fəhlə sinfi ayağa qalxıb.

​Keçən həftənin cümə axşamı etirazlar başlayandan bəri yüzlərlə insan həbs edilib.

Türkiyənin Xarici İşlər Nazirliyi xarici müdaxilələrə yol verilməyəcəyinə ümid etdiyini bildirib. Nazirlik ölüm hallarına görə narahatlığını ifadə edərək, prvokasiyalara yol verilməməsinə çağırıb.

İsrailin baş naziri Benyamin Netanyahu nümayişçiləri cəsur qəhrəmanlar adlandıraraq, onlara azadlıq yolunda uğur arzulayıb.

Britaniyanın xarici işlər naziri Boris Conson tələfata görə hökumətinin kədərini ifadə edərək, tərəfləri zorakılıqlara yol verməməyə səsləyib.

Tramp Tehranın sosial media platformalarını bloklamasına görə narahatlığını bildirib.

İran hökuməti nümayişlər baş qaldırdıqdan sonra sosial media şəbəkələrinə məhdudiyyətlər tətbiq edib.

Geniş anti-hökumət aksiyalarının iştirakçıları hərəkətlərini koordinasiya etmək üçün bu şəbəkələrdən istifadə edirdi.

XS
SM
MD
LG