Birləşmiş Ştatlar Tehranla bir sıra ölkələrin 2015-ci ildə imzaladığı nüvə sazişini pozsa, Vaşinqton “bundan peşman olacaq”. Bunu İran prezidenti Həsən Runahi deyib.
“Sazişi birinci biz pozmayacağıq, ancaq bilsinlər ki, onu pozsalar, peşman olacaqlar”, - Ruhani aprelin 9-da Tehranda konfransda deyib. Bu gün İranda Milli Nüvə Texnologiyası günüdür.
“Onların düşündüyündən daha çox hazırlıqlıyıq, sazişi pozsalar, bir həftəyə, bir həftədən də az müddətə nəticəni görəcəklər”, - Ruhani deyib.
ABŞ prezidenti Donald Tramp mayın 12-dək nüvə sazişindən çıxmaqla hədələyib.
Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.