İran hökumətinin sözçüsü bazar ertəsi deyib ki, keçən həftə Tehranda həbs olunan Rusiya jurnalisti vizasında problem olduğu üçün nəzarət altına alınıb.
Rusiya mətbuatı 38 yaşlı Yulia Yuzikin İranda həbsi ilə bağlı məlumatı onun keçmiş həyat yoldaşı, jurnalist Boris Voitsexovskiyə istinadən yayımlamışdı.
Rusiyanın Tehrandakı səfirliyinin sözçüsü İranın Yuliya Yuzikə qarşı İsrailə casusluq ittihamı irəli sürüldüyünü bildirsə də, İran hökumətinin sözçüsü Əli Rəbieyi jurnalistin casusluq ittihamı ilə həbs edildiyini inkar edib.
“Bildiyimə görə, bu məhkəmə işinin casusluqla əlaqəsi yoxdur. Bu, həmin xanımın vizası və digər qanun pozuntuları məsələsidir” - deyə, Əli Rəbieyi Tehranda keçirilən mətbuat konfarsında bildirib.
Yuliya Yuzikin həbsi barədə məlumat almaq və hüquqlarının qorunmasına riayət edilməsi ilə bağlı müzakirələr aparmaq üçün İranın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Yuzik ötən çərşənbə günü qaldığı mehmanxanada həbs edilib.