Accessibility links

Təhlilçilər BMT-də İrana qarşı sanksiyalar məsələsində vahid mövqeyin olmadığını vurğulayır


Təhlilçilər BMT-də İrana qarşı sanksiyalar məsələsində vahid mövqeyin olmadığını vurğulayır
Təhlilçilər BMT-də İrana qarşı sanksiyalar məsələsində vahid mövqeyin olmadığını vurğulayır

Ekspertlərin fikrincə, ABŞ və Avropa müttəfiqləri İranın nüvə silahları istehsalı səylərinə maneə olmaq üçün İranın neft və qaz ixracatına embarqo, ya da sanksiyaların qoyulması kimi çoxtərəfəli şəkildə addımlar ata bilər. Lakin belə güclü və həmrəy aksiyanın BMT səviyyəsində baş verəcəyini hələ gözləmək olmaz.

Keçən həftə BMT-nin nüvə agentiyi indiyə qədər İranın nüvə proqramı ilə bağlı ən kəskin hesabatını açıqlayaraq, Tehranın atom bombası üzərində işlədiyinə dair əsaslı dəlillərin olduğunu bəyan etdi. Rusiya və Çin isə belə görünür İranın nüvə ambisiyaları ilə bağlı həqiqi narahatlıqların mövcudluğu ilə razılaşsa da, BMT Təhlükəsizlik Şurasında İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə veto qoymağa hazırdır.

BMT-nin ən nüfuzlu orqanı olan 15 üzvdən ibarət Təhlükəsizlik Şurası 2006-cı ildən 2010-cu ilə qədər İrana qarşı sanksiyaların dörd raundunu tətbiq edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin keçən həftə hesabatını açıqlamasından sonra Təhlükəsizlik Şurasının İranın nüvə fəaliyyətlərilə bağlı iqtisadi, maliyyə, ya da hərbi sahədə sanksiyaların beşinci raundunun tətbiq etməsi ehtimalı artmışdır.

Lakin Moskva və Pekin bu istiqamətdə hər hansı bir addımın qarşısını əvvəllər almağa çalışıb. Rusiya Xarici İşlər nazirliyi hesabata əhəmiyyət verməyərək, burada yeni məlumatın olmadığını bəyan edib və xəbərdarlıq edib ki, sənəd məsələnin siyasi və diplomatik həllinə mane olmaq məqsədilə istifadə edilir. Pekin dialoq çağırışlarını təkrar edib və sanksiyaların məsələni həll etməyəcəyini bildirib.

Təhlilçilərin fikrincə, bu, Rusiya və Çinin İranın nüvə silahına malik olmasını istəməsi demək olmasa da, sadəcə İranın qarşısını almaq onlar üçün prioritet məsələ deyil.

Vaşinqtonda Xarici Əlaqələr Şurasında nüvə məsələləri üzrə ekspert Metyu Kroniq deyir ki, Rusiya və Çin nüvə silahına malik İran tərəfindən Birləşmiş Ştatlar qədər təhlükə hiss etmir.“Birləşmiş Ştatlar İran nüvə silahına malik olsa, baş verə biləcək bütün hadisələrə baxanda Körfəz ölkələrində tərəfdaşlarına bunun necə təsir göstərəcəyini, Səudiyyə Ərəbistanı kimi ölkələrə təhlükəsizliklə bağlı qarantiyaları, bunun yaxın müttəfiq olan İsrailin təhlükəsizliyinə necə təsir göstərəcəyini, İraq və Əfqanıstanda ABŞ hərbi qüvvələri üçün nə demək olacağını göz önünə gətirir”-deyə o bildirir.

Ekspertin sözlərinə görə, Rusiyanın da, Çinin də narahatlıq üçün daha az əsası var. Buna görə də bu ölkələr İranın nüvə proqramını inkişaf etdirməsinin qarşısını almaq üçün daha ciddi ölçülərin götürülməsinə az meyl göstərir. Onlar həmçinin dünyanın neft ixrac edən dördüncü ən böyük ölkəsi olan İran İslam Respublikası ilə iqtisadi və ticarət əlaqələrinə malikdir və bu əlaqələri pozmaqda maraqlı deyillər.

Amerika universitetində beynəlxalq məsələlər üzrə tədqiqatçı Deyvid Bosko deyir ki, BMT Təhlükəsizlik Şurasının sanksiya imkanları tükənə bilər və ən ciddi variant kimi İranın Mərkəzi bankı, ya da ölkənin qaz və neft ixracatı sahələrini hədəf alacaq sanksiyalar qalır.“Biz indi elə bir mərhələdəyik ki, sonrakı addımlar artıq bütünlüklə İran iqtisadiyyatına yönəlmiş ola bilər. Mən Rusiya və Çinin bunu dəstəkləyəcəyini düşünmürəm”-deyə o bildirir.

Rusiya və Çin sanksiyaların əvvəlki dörd raundu zamanı veto hüququndan istifadə etməyib, lakin sanksiyaların Qərb dövlətlərinin istədiyi qədər güclü olmaması üçün əllərindən gələni edib.

Yeni ölçülərin qarşısını almaq məqsədilə Rusiya hazırkı sanksiyaların bir hissəsinin qaldırılması müqabilində İranın nüvə proqramının mahiyyəti ilə bağlı suallara cavab vermək üçün beynəlxalq müfəttişlərlə əməkdaşlığa dair plan irəli sürür.

İran nüvə ambisiyalarının dinc mahiyyət daşıdığını deməyə təkid edərək, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını rədd edib və agentliyi ABŞ-ın siyasi məqsədlərlə istifadə etdiyi alət adlandırıb. İran habelə məsələni müzakirə etmək üçün danışıqlar masasına qayıtmaq istədiyini bildirib.

Lakin Tehranla əvvəlki mənfi təcrübəyə əsaslanıb beynəlxaq ictimaiyyət indi iranlılarla dialoqa getmək istəyəcəkmi?

Təhlçilərin fikrincə, Birləşmiş Ştatlar və onun Avropa üzrə müttəfiqləri İranın nüvə silahları istehsalı səylərinə maneə olmaq üçün İranın neft və qaz ixracatına embarqo, ya da sanksiyaların qoyulması kimi çoxtərəfəli şəkildə addımlar ata bilər. Lakin belə güclü və həmrəy aksiyanın BMT səviyyəsində baş verəcəyini hələ gözləmək olmaz.

XS
SM
MD
LG