Accessibility links

İran BƏƏ və Küveytlə diplomatik əlaqələri bərpa edir, Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirir


İran və Qərb dövlətləri arasında nüvə danışıqları ətrafındakı müsbət siqnallar fonunda həm Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), həm də Küveyt Tehranla diplomatik əlaqələri sakitcə bərpa edib. İranın Xarici İşlər Nazirliyi bazar ertəsi Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpasına dair danışıqların da müsbət istiqamətdə getdiyini bildirib.

İndi gözlər Tehran və onun çoxdankı rəqibi Ər-Riyad arasında diplomatik əlaqələrə yönəlib. İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı arasındakı əlaqələr 2016-cı ildə Səudiyyənin şiə din xadimi Nimr Əl-Nimrin edamından sonra kəsilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bazar ertəsi jurnalistlərə bildirib ki, regiondakı müsbət ab-hava Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin mümkün bərpası ilə bağlı nikbinliyi gücləndirir. Həm İraq, həm də Oman Tehranla Ər-Riyad arasında qeyri-rəsmi danışıqlara vasitəçilik edib.

Kənani İranın Səudiyyə Ərəbistanı ilə əlaqələri yaxşılaşdırmaq üçün səylər göstərdiyini və Səudiyyənin də qarşılıqlı addımlar atdığını gördüyünü deyib. “Biz nikbinik. Müsbət regional atmosfer kommunikasiya və dialoqa, nəticədə daha yaxşı münasibətlərə təkan verir” - deyə, o bildirib.

Kənani daha sonra deyib ki, Tehran və Ər-Riyad arasında hələ də ciddi fikir ayrılıqları və çətin məsələlər olsa da, danışıqlar yolunda “müsbət addımlar atılıb”.

Paris Universitetində politologiya dərsi deyən Xəttar Əbu Diab Amerikanın Səsinə bildirib ki, Vyanada keçirilən nüvə danışıqları İranla keçmiş düşmənləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yaxşılaşması üçün müsbət regional atmosfer yaradıb.

Onun sözlərinə görə, Bağdadda Səudiyyə-İran danışıqları və Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin yaxşılaşması regionda gərginliyin azalması və münaqişə yolunu seçməkdənsə, fikir ayrılıqlarını müzakirə yolu ilə həll etməyin məntiqli olduğu təəssüratı yaradıb.

Atlantik Şuranın Yaxın Şərq üzrə analitiki Pol Sallivan Amerikanın Səsinə deyib ki, “İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət 2017-ci ildə ən yüksək həddə çatmışdı. Lakin ölkələr münasibətləri kəsdikdən sonra minimuma enib”. O qeyd edib ki, “Dubayda 500-600 min iranlı ola bilər”.

XS
SM
MD
LG