Accessibility links

İran və Sudan Tehranın Qırmızı dənizdə hərbi baza yaratmaq istəyi barədə xəbəri təkzib edib


Tehran Xartumun bir gün əvvəl bunu sual altına almasından sonra mediada İranın Sudandan Qırmızı dəniz sahillərində hərbi-dəniz bazası yaratmağa icazə verməsini istədiyi barədə xəbəri təkzib edib.

The Wall Street Journal qəzeti martın 3-də adını açıqlamadığı Sudan kəşfiyyat rəsmisinə istinadən Qırmızı dəniz sahilində hərbi dəniz bazası inşa etmək icazəsi müqabilində İranın Sudana müasir silahlar təklif etdiyi barədə məlumat verib.

Wall Street Journal əlavə edib ki, Sudan İranın təklifini ABŞ və İsraili özündən uzaqlaşdırmasından ehtiyat edərək rədd edib. İran Sudan ordusunu üsyançılara qarşı döyüşmək üçün istifadə edilən pilotsuz təyyarələrlə təmin edib. İran Hərbi Dəniz Qüvvələri illərdir Qırmızı dənizdə mövcudluğunu qoruyub saxlasa da, strateji əhəmiyyətli sularda hərbi dəniz bazasına malik deyil.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani martın 4-də həftəlik mətbuat brifinqində məlumatın "əsassız və siyasi motivli" olduğunu deyib. Bir gün əvvəl Sudanın xarici işlər naziri Əli Əl-Sadiq məqaləni təkzib edərək, onu "yalan və uydurma" adlandırıb.

Noyabr ayında Yəmənin İranın dəstəklədiyi Husi üsyançılarının İsraillə əlaqəsi olan gəmiləri hədəf almağa başlamasından bəri Qırmızı dənizdə ticarət gəmi nəqliyyatının hərəkəti pozulub. Təhlilçilər deyirlər ki, Tehran Husilərə kəşfiyyat məlumatlarını vermək üçün Ədən körfəzində "Behşad" adlı "casus gəmisi"ndən istifadə edib.

Husilərin əsas qlobal ticarət yolunda gəmiləri hədəf alması ABŞ və Britaniyanın cavab zərbələrinə səbəb olub. Bununla belə bu hücumların Yəmən üsyançılarını çəkindirib-çəkindirə bilməyəcəyi ilə bağlı suallar qalmaqdadır.

Fevralın sonunda Husilərin vurduğu "Rubymar" yük gəmisi martın 3-də Qırmızı dənizdə batıb və bu, münaqişə nəticəsində batan ilk gəmi olub.

Husilər İsraillə əlaqəsi olan gəmilərə hücumları ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS-la İsrail arasında oktyabr ayında başlayan müharibədən sonra fələstinlilərə dəstək məqsədi ilə etdiklərini deyirlər.

Forum

XS
SM
MD
LG