Accessibility links

ABŞ hökuməti İran rəsmilərinə viza verilməsinə qarşı olan iranlı amerikalıların təzyiqləri ilə üzləşir


İran Prezidenti İbrahim Rəisi
İran Prezidenti İbrahim Rəisi

ABŞ hökuməti İran Prezidenti İbrahim Rəisi və gələn ay BMT-nin Nyu-Yorkdakı Baş Assambleyasında keçiriləcək sessiyasında iştirak edəcəyi gözlənilən digər İran rəsmilərinin müdafiəsi və viza verməsinə qarşı olan iranlı amerikalılar və digərlərinin təzyiqləri ilə üzləşir.

Dövlət Departamenti cümə axşamı bildirib ki, BMT Baş Assambleyasının sentyabrın ortalarında keçiriləcək 77-ci sessiyasında iştirak etməyi planlaşdıran iranlılara viza verilməsindən imtina edilməyəcək.

“ABŞ qanunlarına əsasən viza qeydləri məxfidir, ona görə də mən fərdi viza ilə bağlı təfərrüatları müzakirə edə bilmərəm. Lakin mən əvvəllər dediklərimizi bir daha təkrar edirəm, Birləşmiş Millətlər Təşkilatına ev sahibliyi edən ölkə olaraq ABŞ təşkilata üzv dövlətlərin nümayəndələrinə BMT-nin mənzil-qərargahı bölgəsinə səfər etmək üçün vizaların verilməsi ilə bağlı BMT Baş Qərargahının sazişinə əməl edir” - Dövlət Departamentinin sözçüsü Vedant Patel Amerikanın Səsinin sualına cavab verərkən bildirib.

“ABŞ BMT-yə ev sahibliyi edən ölkə kimi öz öhdəliklərinə ciddi yanaşır, lakin yenə də viza qeydləri məxfidir və buna görə də mən başqa heç nə deyə bilmirəm” - deyə, Patel əlavə edib.

BMT-nin 1947-ci il müqaviləsinə əsasən qərargahı Nyu-Yorkda olan təşkilata ev sahibliyi edən ölkə BMT-yə dəvət olunanların giriş, hərəkət və yaşayış hüquqlarını təmin edir.

“Biz əvvəllər də oxşar vəziyyətdə olmuşuq. Belə ki, düşmənlərimiz BMT-nin Baş Assambleyasında iştirak etmək üçün bizim öhdəliklərdən istifadə etdiklərini görmüşük. Fidel Kastro və ya Yasir Ərafatı yada salın” - deyə, Amerika Sahibkarlar İnstitutunun müdafiə siyasəti üzrə tədqiqatçısı Daniel Pletka bildirib.

“Ümumiyyətlə Birləşmiş Ştatlar BMT-nin Baş Assambleyası tərəfindən təsdiq edilmiş qanuna tabedir və bizim belə bir hüququmuz yoxdur. Buna baxmayaraq, bəzi viza imtinası halları da olub” deyə, əlavə edib.

XS
SM
MD
LG