Accessibility links

UNICEF İranda uşaqlara qarşı zorakılıqları pisləyir


Birləşmiş Millətlər Təşkilatının uşaq agentliyi UNICEF bazar günü açıqladığı bəyanatında "İranda ictimai iğtişaşlar zamanı 50-dən çox uşağın həyatına son qoyan və daha çox insanın yaralanmasına səbəb olan zorakılıq və qəddarlığı" pisləyib.

Agentlik "bəzi məktəblərdə aparılan reydlərin və axtarışların davam etməsindən dərin narahatlıq keçirdiyini" bildirib və "məktəblər uşaqlar üçün həmişə təhlükəsiz yer olmalıdır" deyib.

UNICEF-in bildirdiyinə görə, "etirazlara cavab olaraq uşaq itkiləri ilə bağlı ilk halların baş verməsindən sonra narahatlığını birbaşa İran rəsmilərinə çatdırıb". Bəzi insan haqları təşkilatları etirazlar zamanı 63-ə qədər uşağın öldüyünü deyib.

İran Uşaq Hüquqları Konvensiyasının iştirakçısıdır və uşaqların müdafiəsi üzrə qlobal qrup bəyanatında bildirib ki, ölkənin liderlərinin "uşaqların yaşamaq, şəxsi toxunulmazlıq, fikir azadlığı və dinc toplaşma hüquqlarına hörmət etmək, onları qorumaq öhdəliyi var".

Nobel Sülh Mükafatına layıq görülmüş təşkilat olan UNICEF İranı kimliyindən və harada olmasından asılı olmayaraq bütün uşaqların dinc toplaşmaq hüquqlarına əsas təminat kimi hörmət etməyə çağırıb. "Uşaqlar və yeniyetmələr hər cür zərərdən qorunmalıdır. Onlar təkcə həyatlarını və azadlıqlarını deyil, həm də psixi və fiziki sağlamlıqlarını riskə atır" bəyanatda deyilib.

"İran xoşbəxtdir ki, uşaq və yeniyetmələrdən ibarət gənc əhalisi var və onlar indi və gələcəkdə ölkə üçün böyük resursdur. Onların ehtiyacları, istəkləri və rifahı bütün hallarda prioritet olmalıdır" - deyə, UNICEF bildirib.

XS
SM
MD
LG