Accessibility links

Möhsün Pakayin: Hər il bir milyondan çox Azərbaycan vətəndaşı İrana səfər edir


Möhsün Pakayin
Möhsün Pakayin

İran prezidenti Həsən Ruhani İran, Rusiya və Azərbaycan dövlət başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün Bakıya səfər edəcək. Görüşün avqustun 8-də baş tutacağı gözlənilir. Danışıların əsas mövzusu “Şimal-Cənub” dəmir yolu dəhlizi olacaq.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İRNA agentliyinə bildirib ki, iki ölkə arasında neft və qeyri-neft məhsullarının mübadilə həcmi 1,5 milyard dolları keçib və bu istiqamətdə perspektivlər var.

Səfir deyib ki, artıq uzun illərdir Azərbaycan vətəndaşlarının İrana səfər üçün viza almasına ehtiyac yoxdur.

“Buna görə də, hər il 1 milyondan artıq Azərbaycan vətəndaşı səyahət, ziyarət və müalicə məqsədilə İrana, xüsusilə 4 həmsərhəd vilayətə səfər edir. Gələn iki ay ərzində İran vətəndaşlarının da viza probleminin həll olunacağı gözlənilir. Güman ki, İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək”.

Onun sözlərinə görə, 2015-ci ildə 2000-ə yaxın iranlı Azərbaycana səfər etdiyi halda, bu il Novruz bayramı günlərində təxminən 45 min İran vətəndaşı Azərbaycanda olub.

Möhsün Pakayin Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, İranın Azərbaycanla və Ermənistanla münasibətlərinin olması xarici siyasət üçün bir üstünlük və potensial sayılır.

“Çünki biz hər iki ölkə ilə, o cümlədən Qarabağ münaqişəsinin həlli barədə söhbət edə bilərik. Biz Qarabağ münaqişəsinin beynəlxalq normalar, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında və danışıqlar yolu ilə həll edilməli olduğuna inanırıq. Fikrimizcə, bu münaqişənin həlli üçün rəsmi olaraq vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu öz fəaliyyətini gücləndirməlidir. İrandan da yardım istənilsə, öz köməyimizi əsirgəməyəcəyik”.

Səfir "Şimal-Cənub" dəhlizindən danışarkən bildirib ki, 2016-cı ilin sonunadək Astara-Astara xətti vasitəsilə İran və Azərbaycan dəmir yolu şəbəkələrini birləşdiriləcəyinə ümid edir.

“Dəmir yollarının birləşdirilməsi işini başa çatdırmaq üçün İran-Azərbaycan işçi qrupu yaradılıb. Azərbaycan Respublikası da Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə maliyyə vəsaiti ayırmağı nəzərdə tutub.
Bu dəmir yolu xətti ilə Hindistandan gələn yüklər və mallar İrandan və Azərbaycandan keçməklə Qazaxıstan, Türkmənistan və başqa ölkələrə daşınacaq”.

Səfir hesab edir ki, bu dəmir yolu xətti ildə 10 milyon ton yük və 3 milyon sərnişin daşınmasını təmin edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG