Accessibility links

İranda tanınmış vəkil ETTELAAT-a çağırılıb


Nəsrin Sütudə
Nəsrin Sütudə

Nəsrin Sütudənin ETTELAAT-a çağırılması zindanlardakı durumu pisləməsindən, ölkənin siyasi vəziyyətini tənqid etməsindən bir neçə gün sonraya təsadüf edib

Iranda tanınmış vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə İran Kəşfiyyat Nazirliyinə (ETTELAAT) çağırılıb.

“Media forum” saytının məlumatına görə vəkilin həyat yoldaşı Rza Xəndan martın 30-da “Facebook” səhifəsində xəbəri təsdiq edib: “Biz Xuzistan əyalətində səfərdə olsaq da, zəng vurub xanımım Nəsrini və bizi qonaq edən şəxsləri ifadə vermək üçün ETTELAAT-a çağırıblar. Deyiblər ki, bir saata qədər nazirlikdə olmalısınız”.

Nəsrin Sütudənin ETTELAAT-a çağırılması onun qatıldığı bir ədəbi yığıncaqda zindanlardakı durumu pisləməsindən, ölkənin siyasi vəziyyətini tənqid etməsindən bir neçə gün sonraya təsadüf edib. Həmin yığıncaqda çıxış edən Nəsrin Sütudə ölkəni böyük bir zindan adlandırıb: “İncəsənət istibdadla oyun qaydalarını dəyişir, onun sözünü və istəyini ciddiyə almır. Bu gün biz üzdə azadıq. Lakin əslində böyük bir zindanda yaşayırıq. Kiməsə vəkillik etmək, ədalətin bərpasına çalışmaq başqalarından bizə çatmış əmanətdir. Biz isə bu əmanəti gələcək nəsillərə çatdıracağıq”.

Çıxışında müxalifətin 3 ildən çoxdur ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubini əqidə və vicdan məhbusları adlandıran Nəsrin Sütudə onların və həbsdə saxlanan digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Bir çox siyasi məhbusa vəkillik etmiş Nəsrin Sütudə insan hüquqları uğrunda dinc fəaliyyətlərinə görə 2010-cu ilin sentyabr ayında tutulub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.
Vəkil 3 il Tehranın Evin zindanında saxlanıb, beynəlxalq hüquq təşkilatlarının etirazından sonra 2013-cü il sentyabrın 18-də azadlığa buraxılıb.
XS
SM
MD
LG