Accessibility links

İran prezidenti və 265 deputat Xamneyidən üzr istəyib


İran parlamenti
İran parlamenti

Üzr istəmələr fevralın 3-də parlamentdə baş verən qalmaqalla bağlıdır

İran parlamentinin 265 deputatı fevralın 17-də dini lider ayətullah Əli Xamneyiyə məktub yazaraq iki həftə əvvəl baş verən qalmaqala görə üzr istəyib.
Deputatların məktubu Xamneyinin fevralın 16-da bir qrup Təbriz əhalisi qarşısında çıxış etməsindən, çıxışında parlamentdəki hadisəyə toxunaraq prezident Mahmud Əhmədinejadla parlament sədri Əli Laricanini dolayı yolla qınamasından bir gün sonraya təsadüf edib.

“Media forum” saytının məlumatına görə, məktubda deyilir: “Biz deputatlar Allahın köməyilə rəhbərimizin ilahi çağırışını cani-dildən dinləyərək bundan sonra əməllərimizdə ədalət, insaf və dözümlülüyü nəzərə alacağımızı, maksimum birliyə səbəb olan istiqamətdə addım atacağımızı bildiririk. Biz sosial və əmək naziri Əbdülrza Şeyxülislaminin parlamentdə sorğu-suala tutulması zamanı baş verən olaylara görə sizdən üzr istəyir, hər zaman sizə itaət edəcəyimizi bildiririk”.
İran parlamentinin sədri Əli Laricani və İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani də ayrı-ayrılıqda Xamneyiyə məktub yazaraq parlamentdə baş verən qalmaqala görə ondan üzr istəyiblər, həmişə ona tabe olacaqlarını vurğulayıblar.
İran parlamentinin iclasında qalmaqal fevralın 3-də yaranıb. Həmin gün sosial və əmək naziri Əbdülrza Şeyxülislami bir çox cinayətdə ittiham olunan keçmiş Tehran prokuroru Səid Mürtəzəvini Sosial Təminat Təşkilatına rəhbər təyin etdiyinə görə sorğu-suala tutulub. Dinləmənin yekununda Əbdülrza

Şeyxülislaminin işdən azad edilməsi təklifi səsə qoyulub. 192 deputat təklifin lehinə, 56 nəfər əleyhinə səs verib. 24 nəfər bitərəf qalıb.

Səsvermədən əvvəl sosial və əmək nazirini dəstəkləmək üçün parlamentə gələn prezident Mahmud Əhmədinejad çıxışı zamanı gözlənilmədən İran parlamentinin sədri Əli Laricaninin qardaşı Fazil Laricani ilə Səid Mürtəzəvi arasında gedən bir söhbətin gizli lent yazısını parlament tribunasının mikrofonundan yaymağa başlayıb. Əhmədinejad bu səs yazısını yaymaqla dolayı yolla Əli Laricanini və onun qardaşlarını vəzifələrindən sui-istifadə etməkdə, öz maddi maraqlarını güdməkdə günahlandırıb.

Gizli səs yazısının yayılmasını özünə və qardaşlarına qarşı təxribat adlandıran Əli Laricani Mahmud Əhmədinejadın sözünü kəsərək ona qarşı sərt bəyanatlar səsləndirib. Əhmədinejad cavab vermək üçün ona vaxt ayrılmasını istəyib. Ancaq parlamentin sədri prezidentin tələbini rədd edib. Bundan sonra Mahmud Əhmədinejad iclası yarımçıq qoyaraq parlamenti tərk edib.

Öz növbnəsində İran prezidenti Mahmud Əhmədinejad fevralın 17-də ölkənin dini lideri ayətullah Əli Xamneyiyə məktub yazıb.

“Media forum” saytı xəbər verir ki, Əhmədinejad qısa məktubunda bunları qeyd edib: “Sizin fevralın 16-dakı çıxışınızı nəzərə alaraq bildirirəm ki, mən və hökumətdəki digər həmkarlarım son ana qədər islam inqilabının dəyərlərinə sadiq qalacaq, ölkənin və xalqın qulluğunda duracağıq. Sizi əmin edirəm ki, millətimizin qulluqçuları olaraq bütün cəhdimiz ölkənin yüksəlməsi, problemlərinin isə həlli istiqamətinə yönələcək. Biz ölkənin milli maraqlarına qarşı ən kiçik addımı belə atmayacağıq. Mənim və hökumətin digər üzvlərinin sizə olan hörməti və bağlılığı daimidir”.
XS
SM
MD
LG