ABŞ bu yaxınlarda İranda keçirilmiş ballistik raket sınağı ilə bağlı bir sıra İran şirkətlərinin və fərdlərin üzərinə yeni sanksiyalar qoyub.
ABŞ Maliyyə Nazirliyi tərəfindən qoyulmuş yeni sanksiyalara görə raket proqramı ilə bağlılığı olan 11 hüquqi və fiziki şəxs ABŞ-ın bank sistemindən istifadə edə bilməzlər.
Yeni sanksiyalar İran üzərindən nüvə proqramı ilə bağlı bütün beynəlxalq sanksiyaların qaldırılmasından bir gün sonra baş verib.
ABŞ rəsmiləri bildiriblər ki, İranın ballistik raketləri dünya və region üçün əhəmiyyətli təhlükə təşkil edir.
ABŞ mətbuatı vurğulayır ki, prezident Obama İran üzərindən sanksiyaların qaldırılmasını yeni sanksiyaların tətbiqi elan ediləndən sonra alqışlayıb.
Bununla ABŞ hökuməti qaldırılan sanksiyalarla yeni sanksiyalar arasında birbaşa bağlılığın olmadığını nümayiş etdirmək istəyib.
Ekspertlər bildirirlər ki, yeni sanksiyalar İranın Emad ortamənzilli raketlərinin sınağına görə tətbiq edilib.
ABŞ kəşfiyyatı bu raketlərin nüvə başlığı daşımaq qabiliyyətində olduğunu bildirib.
İranın ali rəhbəri ayətullah Ali Khamenei isə deyib ki, ölkənin raket proqramının onun nüvə faəliyyəti ilə əlaqəsi yoxdur və İran öz müdafiə qüdrətini gücləndirməkdə davam edəcəkdir.