İyunun 18-də İranın Xuzistan əyalətində üç qardaş – Abbas, Cəmşid və Əbdülrəhman Heydəriyan dar ağacından asılıb.
“Media forum” saytı xəbər verir ki, qardaşlar milliyyətcə ərəbdirlər və onları yerli ərəblərin milli, dini hüquqları uğrunda mübarizə aparan şəxslər kimi qəbul edənlər də var.
Qardaşlar ötən il Xuzistan əyalətinin mərkəzində – Əhvaz şəhərində keçirilən aksiyada tutulub. Aksiyada İran hökumətinin yerli ərəblərə qarşı ayrı-seçkiliyə yol verdiyi iddia olunub və buna etiraz bildirilib.
Əhvaz məhkəməsi hər üç qardaşı separatizmdə və Allaha qarşı müharibə aparmaqda təqsirli bilərək edama məhkum edib. Beynəlxalq hüquq müdafiə təşkilatları bu qərarı kəskin etirazla qarşılayıb, qardaşları siyasi məhbus adlandırıb, onlara çıxarılan ölüm hökmünün ədalətsiz olduğunu və dərhal ləğv edilməsini istəyib.
Abbas, Cəmşid və Əbdülrəhman Heydəriyan qardaşları ilə birlikdə tutulub edama məhkum edilən daha iki ərəbin – Əli Nəami və Əmir Maavinin taleyindən və hazırda harada saxlanmasından xəbər yoxdur.