Accessibility links

`Təbriz əhalisi TürkSat peykinin kanallarını izləyir`


"İran" qəzeti - 10 iyun 2018
"İran" qəzeti - 10 iyun 2018

İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalının rəhbəri peyk üzərindən yayımlanan Türkiyə televiziya kanalları ilə qeyri-bərabər bir rəqabətdə olduqlarını ifadə edib.

Seyyid Mühsin lətifi bu sözləri iyunun 10-da İran İslam Respublikasının rəsmi orqanı olan “İran” qəzeti ilə müsahibədə dilə gətirib.

Təbrizdə əhalinin 75 faizinin TürkSat üzərindən yayımlanan telekanalları izlədiyini bildirən cənab Lətifi həmçinin deyib ki, “bizim türk dilində hazırladığımız teleseriallar da bir çox izləyicini cəlb edir, amma Türkiyə kanallarında olan davamlılıq, müxtəliflik və nüfuz qabiliyyəti bizdə yoxdur.”

Bizim türk dilində hazırladığımız teleseriallar da bir çox izləyicini cəlb edir, amma Türkiyə kanallarında olan davamlılıq, müxtəliflik və nüfuz qabiliyyəti bizdə yoxdur.
Seyyid Mühsin Lətifi

O, Şərqi Azərbaycan vilayətinin “Səhənd” telekanalının üç fərqli cəbhədə rəqabətdə olduğunu önə çəkir:

“Ən başda, əhali ilə geniş şəkildə ortaq dil və mədəniyyətə sahib olan TürkSat peykinin kanalları var. Bu kanallar bizimlə müştərək olan mədəni ünsürlərdən çox istifadə edirlər. İkincisi, İranın mərkəzi televiziya kanallarıdır ki, büdcələri bizimki ilə müqayisə edilməz həddə yüksəkdir. Üçüncüsü isə, sosial şəbəkələrdir.”

Seyyid Mühsin Lətifinin bildirdiyinə görə, Səhənd kanalının tədqiqat mərkəzi Təbrizdə Türkiyə telekanallarına rəğbət ilə əlaqədar bir araşdırma aparıb.

Bu araşdırmaya görə, Təbriz əhalisinin 44 faizdən çoxu peyk antennalarından istifadə edir. Əhalinin 75 faizi isə TürkSat üzərindən yayımlanan Azərbaycan Respublikası və Türkiyə kanallarını izləyir.

İran qəzetinin müxbiri Türkiyə telekanallarının İranda sadəcə türklər deyil, qeyri-türklərə də geniş təsir göstərdiyini önə çəkib.

Seyyid Mühsin Lətifi
Seyyid Mühsin Lətifi

Lətifi deyib ki, bu problemə qarşı mücadilə etmək üçün ölkə səviyyəsində milli iradə və media fəaliyyətinə ehtiyac vardır.

İran qanunlarının vətəndaşların peyk antennalarından istifadə etməsini yasaqlamasına baxmayaraq, ölkənin bir çox bölgəsində, xususilə də Azərbaycan vilayətlərində əhali peyk vasitəsi ilə xarici televiziya kanallarına tamaşa edir.

Bəzi İran millətçiləri İran Azərbaycanında uşaqların peyk vasitəsi ilə Türkiyə kanallarının yayımladığı filmlərdən türk dilini öyrənməsini “ölkənin milli təhlükəsizliyinə qarşı təhdid” kimi dəyərləndirir və məsulların bununla bağlı ölçü götürməsini istəyirlər.

XS
SM
MD
LG