Accessibility links

Tehran Universitetinin 30 tələbəsinə qarşı məhkəmə işi açılıb


Universitet kampusları İran hökumətinə qarşı etirazların vüsət aldığı məkanlar olub.
Universitet kampusları İran hökumətinə qarşı etirazların vüsət aldığı məkanlar olub.

Tələbə Gildiyası (Birliyi) Şurasının Telegram kanalı vasitəsilə yaydığı məlumata görə, Tehran Universiteti İntizam Komitəsinin Sosial Elmlər fakültəsinin azı 30 tələbəsinə qarşı məhkəmə işi açılıb.

Bu addım həmin tələbələrin dekabrın 7-də Tələbə Günü ilə əlaqədar keçirilən etiraz aksiyasında iştirak etdiyi iddia ediləndən sonra atılıb.

Etirazın səbəblərindən biri universitetin Sosial Elmlər Fakültəsinin rəhbəri Qulamrza Cəmşidi ilə bağlı insidentə münasibət olub. Keçən ay sosial mediada Cəmşidinin tələbələrə və müəllimlərə ünvanlanan "küfr" kimi xarakterizə edilən hərəkətlərini göstərən video ortaya çıxıb.

Tələbə qrupları videonun yayılmasından və Sosial Elmlər Fakültəsində oturaq aksiyası da olmaqla, sonrakı tələbə nümayişlərindən sonra Cəmşidinin rəsmi olaraq, nə üzr istədiyini, nə də məsuliyyəti qəbul etdiyini bildirib.

"İctimai etiraza və tələbələrin açıq-aşkar narahatlığına baxmayaraq, universitet hələ də Cəmşidiyə qarşı heç bir tədbir görməyib" deyə, Gildiya, universitet rəsmilərinin məsuliyyətsizliyini vurğulayaraq əlavə edib.

Sözügedən videoda Cəmşidi tələbələrdən birinin şəxsiyyət vəsiqəsinin müsadirə olunmasına etiraz edən tələbələri açıq şəkildə təhqir edir. Guya o, tələbələri "fahişə", Sosial Elmlər Fakültəsini isə "fahişəxana" adlandırıb.

Etiraz aksiyası zamanı universitetin təhlükəsizlik qüvvələri ilə qarşıdurmadan sonra İran Müəllimlər Birliyinin Koordinasiya Şurası tələbələrin tələblərinin qismən yerinə yetirildiyini bildirib.

Tələbə fəallar yeni tədris ilinin başlanmasından bəri İran universitetlərində təzyiqlərin getdikcə artdığını vurğulayıb. Buraya kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən geniş çağırışlar, intizam tədbirləri, tələbələrin dərslərdən müvəqqəti kənarlaşdırılması, hətta tələbələrin və professor-müəllim heyətinin universitetlərdən xaric edilməsi daxildir.

Uzun illər ərzində hakimiyyət tələbə fəalları və liderləri həbs edib, onları həbsə məhkum edib və təhsil almalarına qadağa qoyub.

Fəalların HRANA xəbər agentliyinin bildirdiyinə görə, 2022-ci ilin sentyabrında hicab qaydasını pozduğu iddiası ilə həbs edilən və polis nəzarətində olarkən ölən 22 yaşlı Məhsa Əmininin ölümünə qarşı başlayan ümummilli etirazlar zamanı azı 700 universitet tələbəsi həbs edilib.

Forum

XS
SM
MD
LG