Accessibility links

İraqda Əl-Qaidə yaraqlıları tərəfindən ələ keçirilən iki şəhər uğrunda döyüşlər gedir


İraq qüvvələri ilə qərbdə iki şəhərə nəzarəti ələ keçirən Əl-Qaidə yaraqlıları arasında gedən döyüşlərdə 34 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.

İraq rəsmiləri deyib ki, hökumət qüvvələri bazar günü Ramadi şəhərinə havadan zərbə endirib. Lakin sakinlər ötən şənbə günündən bəri Fəllucə şəhərində sakitlik olduğunu deyir.

Sünni tərəfdarları ilə Əl-Qaidə yaraqlıları hər iki şəhəri ötən həftə ələ keçirib. Onlar yaraqlılara qarşı çıxan bəzi sünni müsəlmanlar da daxil olmaqla, hökumət qüvvələri və müttəfiq qəbilə döyüşçülərinə qarşı döyüşlər aparır.

Lakin İraq hərbiçiləri və mülki rəsmilər iki şəhərin bir neçə günə geri alınacağını deyib.

Ötən ildən bəri İraqın şiə hökuməti ilə sünni azlıqları arasındakı zorakılıqlar nəticəsində minlərlə insan öldürülüb.

Sünnilər hökuməti onların tələblərinə məhəl qoymamaqda və onları siyasi arenadan uzaqlaşdırmağa çalışmaqda təqsirləndirir. İraq rəsmiləri isə sünniləri terrorçuluqda günahlandırır.

ABŞ dövlət katibi Con Kerri ABŞ-ın Əl-Qaidə yaraqlılarına qarşı mübarizədə İraq qüvvələrinə yardım edəcəyini deyib, lakin döyüşün onların döyüşü olduğun vurğulayıb.

Kerri İraqa ABŞ qoşunlarının göndərilməyəcəyini də deyib.
XS
SM
MD
LG