BMT-nin insan haqları üzrə yeni rəhbəri İslam Dövləti qrupu tərəfindən hədəf alınan qadın və uşaqları qorumağa çağırıb.
Cenevrədə çıxışı zamanı Zeyd Rad əl-Hüseyn bildirib ki, İslam Dövləti qrupu tərəfindən idarə olunan istənilən ölkə zərər görəcək.
İslam dövləti qrupu Suriyanın şərqi ilə yanaşı, İraqın şimal və qərbinin böyük hissəsinə nəzarət edir. Qruplaşma ölkələrin sərhədlərinə məhəl qoymayaraq xilafət qurmağa çalışır.
Zeyd BMT İnsan Haqqları Şurasının uşaqları və qadınları qoruması üçün xüsusi səylər göstərilməsinə ehtiyac olduğunu deyib.
O, müasir dövrdə İslam Dövləti qrupu tərəfindən qətliam, cinsi zorakılıq və işgəncələr daxil olmaqla, etnik və dini qruplara qarşı zorakılıqları misli görünməmiş hadisə kimi qiymətləndirib.
İsrail-Fələstin məsələsindən də danışan cənab Zeyd Qəzza Zolağında yeddi il davam edən blokadaya son qoyulmasına çağırıb. O, fələstinlilərə qarşı həddindən artıq gücdən istifadə edildiyini bildirərək onların normal həyat yaşamağa layiq olduqlarını deyib.
İordaniyanın BMT-də sabiq səfiri Zeyd Rad əl-Hüsseyn BMT-nin İnsan Haqları üzrə Ali Komissarı kimi fəaliyyət göstərən ilk müsəlman və ərəb mənşəli diplomatdır.