İraq kürdləri müstəqilliklə bağlı mübahisəli referendumda səs verib. Referendum İraqın qonşuları və başqaları tərəfindən tənqidlərlə qarşılanıb. Kürd xəbər mediasının verdiyi məlumata əsasən səs vermək hüququ olan 5 milyona yaxın insanın 70 faizi səsvermədə iştirak edib. Lakin çox ölkənin kürdlərin müstəqil dövlətinə dəstək verəcəyi gözlənilmir. Kürd liderlər bildirib ki, referendum dərhal ayrı dövlətin yaradılması demək deyil. Onlar səsvermənin nəticələrinə əsasən İraq hökuməti ilə müzakirələrə başlamağı nəzərdə tutur.
İraq kürdləri və Suriyadakı kürd icması səsvermənin nəticələri elan olunmamış referendumu bayram edib. İraq hökuməti, eləcə də qonşu İran və Türkiyə Yaxın Şərqin dörd ölkəsindəki kürd azlığın müstəqil dövlət uğrunda mübarizəyə başlamaq üçün qüvvələri birləşdirə bilməsi ilə bağlı narahatlıqlar fonunda səsverməni qınayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin buna yol verməyəcəyini deyib.
İranın İnqilabi Qvardiyası referendumdan öncə ölkənin İraqla sərhəddə yerləşən şimal-qərbdəki kürd bölsgəsində hərbi təlimlərə başlayıb.
Birləşmiş Ştatlar müstəqilliyə dair referendumun gərginliyin mövcud olduğu bölgədə qeyri-sabitliyə yol aça və İŞİD militantlarına qarşı mübarizəyə təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Kürdüstan regional hakimiyyətinin prezidenti Məsud Barzani kürdlərin son 20 ildə neftlə zəngin regionda sabitlik qüvvəsi olduğunu bildirib. O deyib ki, kürdlərin İraqdakı mövqeyi bundan sonra əhəmiyyətsiz qala bilməz.
“Bu referendum növbəti gün bizim Kürdüstanın müstəqilliyini elan edəcəyimiz demək deyil, nə də ki o, Kürdüstan regionunun sərhədlərini müəyyənləşdirir. Bu iki məsələ olduqca mühümdür və bizim qonşularımız və Bağdad bunu başa düşməlidir. Biz sadəcə dünyaya bizim xalqımızın nə istədiyini göstərmək istəyirik. Dünyaya demək istəyirik ki, biz müstəqilliyə demokratik yolla, Bağdadla dialoq və müzakirələr yolu ilə gedirik.”
İraq parlamenti məsələni kürd qanunvericilər olmadan müzakirə edib.
Nur Əl-Bacari, parlamentin üzvü.
“Baş nazirin hökuməti toplaşıb hökumət tərəfindən atılacaq addımlarla bağlı qətnaməni təqdim edəcək. Biz hələlik məsələ ilə bağlı qətnaməni qəbul etməmişik.”
Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının kolonial qüvvələr tərəfindən bölüşdürülməsi nəticəsində milyonlarla kürd dövlətsiz qalmışdı. Kürdlərin əzəldən yaşadığı torpaqlar İraq, İran, Türkiyə və Suriya arasında bölüşdürülüb.