Accessibility links

İraq komandiri Mosulu may ayında azad etməyə söz verib


İraqın yüksək rütbəli komandiri militantların müqavimətinə baxmayaraq, İŞİD-in may ayında Mosuldan çıxarılacağını gözlədiyini bildirib.

"Döyüşlər maksimum üç həftəyə bitməlidir"-deyə İraq ordusunun qərargah rəisi, general-leytenant Osman Əl-Ğanmi dövlətə məxsus Əl-Sabah qəzetinə bildirib.

ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya Mosulun azad edilməsi əməliyyatlatında İraq hərbi qüvvələrinə havadan və quruda dəstək göstərir.

İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyun ayında İŞİD-in nəzarətinə keçib.

İraq xüsusi təyinatlı qüvvələrin əsgəri Mosul azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir
İraq xüsusi təyinatlı qüvvələrin əsgəri Mosul azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir

Keçən il oktyabr ayında şəhərin azad edilməsi əməliyyatı başladıqdan sonra İŞİD Mosulun əsas hissələrinin nəzarətini itirib. Hazırda döyüşlər şəhərin qədim tarixi hissəsinin də daxil olduğu şimal-qərbində aparılır.

Döyüşlər maksimum üç həftəyə bitməlidir
General-leytenant Osman Əl-Ğanmi

BMT Mosulun militantların nəzarətində olan hissəsində hələ də yarım milyona qədər insanın qaldığını təxmin edir. Bunların təxminən 400 mini Mosulun Qədim şəhər adlanan hissəsində olan insanlardır. Əhalinin bu hissəsi su və ərzaq qıtlığı qarşısındadır və insanların xəstəxanalarda tibbi yardım almaq imkanı yoxdur.

Militantlar əhalinin sıx yaşadığı hissələrdə yerləşərək Qədim şəhərdə Əl-Nuri məscidinə yaxınlaşan İraq hərbi qüvvələrini geri çəkmək üçün ölümcül hücumlar keçirir.

Mosul sakinləri şəhərin azad edilməsi əməliyyatları intensivləşdikcə yaşadıqları yerləri tərk edir
Mosul sakinləri şəhərin azad edilməsi əməliyyatları intensivləşdikcə yaşadıqları yerləri tərk edir

İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi İraq və Suriyada xilafətin yaradıldığını məhz bu məsciddən elan etmişdi. Mosul İŞİD-in hər iki ölkədə nəzarətinə keçən ən böyük şəhərdir.

Mosulun daxilində döyüşlər aparan aparan əsas qüvvə ABŞ-ın təlim verdiyi İraq Əks-Terror Xidməti və Federal Polis qüvvələridir.

İraq ordusunun birləşmələri də İran tərəfindən təlim alıb silahlandırılmış şiə könüllülər, kürd Peşmərgə qüvvələri və sünni qəbilələrin döyüşçüləri ilə şəhərdə gedən döyüşlərdə iştirak edir.

Mosulda İŞİD-ə qarşı bütün qüvvələr və birləşmələrin tərkibində döyüşənlərin sayı 100 min nəfərdir.

XS
SM
MD
LG