Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının İraqdakı yüksək səviyyəli rəsmisi 75 min mülki vətəndaşın hələ də Mosulun İŞİD-in nəzarət etdiyi qərb hissəsində ilişib qaldığını bildirib.
BMT-nin Humanitar koordinatoru Liz Qrande müxbirlərə Ərbildə çəkdiyi videoda deyib ki, ötən ay döyüşlər intensivləşəndən bəri şərqi Mosulun 80 faizi İraq təhlükəsizlik qüvvələrinin nəzarəti altına keçib.
Bu, BMT və təşkilatın humanitar tərəfdaşlarının azad olunan ərazilərdə milyon yarım insanı yardım, didərgin düşənləri isə düşərgələrlə təmin etmələrinə imkan yaradıb.
Bu irəliləyişlərə baxmayaraq, Qrande xəbərdarlıq edib ki, qərbi Mosul uğrunda döyüş başlayanda mülki vətəndaşlar ciddi təhlükə və mühasirə ilə üzləşə bilərlər.
Humanitar işçilər Mosul hücumunu bir il öncə planlaşdırmağa başlayıb və bir milyona yaxın insanın didərgin düşməsi kimi üzləşə biləcəyi ən pis ssenariləri də nəzərə alıb. Ən dəhşətli proqnozlar həyata keçməyib, lakin ən böyük döyüşlər hələ ki, qabaqdadır.