İraq ordusunun sözçüsünün bildirdiyinə görə, İraq qoşunları Ramadi şəhərinin mərkəzinədək irəliləməyə müvəffəq olub. Qoşunlar 7 ay əvvəl İŞİD yaraqlılarının nəzarəti ələ keçirdiyi şəhərdə bir həftəyə yaxındır hökumət kompleksinin binasına nəzarəti geri almaq uğrunda döyüşlər aparır.
Kompleksin geri alınması Ramadinə balansı geri qaytararaq Anbar vilayətinin paytaxtı olan bu şəhərə nəzarəti bərqərar edəcək. Ancaq kompleksin ətrafı minalarla əhatə olunub.
Sözçü deyib ki, əsgərlər minaları partlatmaq üçün hava hücumlarından istifadə edib və bu, onların quruda irəliləməsinə yardım edib. Onun sözlərinə görə, indi ordu kompleksdən cəmi bir neçə yüz metr aralıdadır.
Ancaq yaraqlıların şəhərin mərkəzindən uzaqlaşdırılması üçün son hücumun nə zaman həyata keçiriləcəyinə dair açıqlamadan imtina edən sözçü hazırda mərkəzdə 100-dən çox ekstremistin olduğunun ehtimal edildiyini bildirib.
İraqın ordu rəsmilərinin sözlərinə görə, İŞİD terrorçuları intiharçılar, tələlər və sniperlərdən istifadə edərək İraq qüvvələrinin irəliləməsinin qarşısını almağa çalışır. Onlar bu məqsədləri üçün habelə mülki vətəndaşlardan qalxan kimi istifadə edirlər.
Bölgədə nə qədər mülki vətəndaşın qaldığı məlum deyil, Sözçü deyib ki, onların çoxu hospital yaxınlığında sığınacaq tapıb.