Accessibility links

İraq hərbi qüvvələri Tal Afarın İŞİD militantlarından azad edilməsi əməliyyatına başlayıb


İraq təhlükəsizlik qüvvələri bazar günü Tal Afar şəhərinin İŞİD-dan azad edilməsi əməliyyatına başlayıb. Baş nazir Heydər Əl-Abadinin bildirdiyinə görə, bu, İraq hərbi qüvvələrinin ABŞ-ın dəstəyi ilə İŞİD-in məğlub edilməsi kampaniyasında növbəti hədəfdir.

“Ya təslim olmalısınız, ya da öləcəksiniz”, deyə Abadi televiziya vasitəsilə çıxışında militantlara müraciət edərək bildirib.

İraqın baş naziri Heydər Əl-Abadi
İraqın baş naziri Heydər Əl-Abadi

Uzun zamandır sünni üsyançıların istinadgahı olan Tal Afar Mosuldan 80 kilometr qərbdə yerləşlir. Şəhərlə İŞİD-in nəzarətində olan başqa ərazilər arasında əlaqə iyun ayından kəsilib.

Tal Afar cənubda İraq hökumət qüvvələri və şiə könüllü döyüşçüləri, şimalda isə kürdlərin Peşmergə dəstələri tərəfindən mühasirəyə alınıb.

ABŞ və İraq hərbi komandirlərinin bildirdiyinə görə, şəhərdə təxminən 2 min İŞİD yaraqlısı qalır.

Kəşfiyyat mənbələrinin şəhərdən özündən verdiyi məlumata görə, aylardır gedən döyüşlər, hava bombardmanları və yeni təchizatın olmaması nəticəsində zəiflədilməsinə baxmayaraq, İŞİD militantlarının güclü müqavimət göstərəcəyi gözlənilir.

Baş nazir Abadinin əməliyyatların başladığını elan etməsindən öncə şəhər əhalisinin xəbərdar edilməsi üçün havadan vərəqələr atılıb. “Özünüzü hazırlayın, döyüş qaçılmazdır və qələbə irəlidədir, İnşallah”, deyə vərəqələrdə yazılıb.

İŞİD-in elan etdiyi “xilafət” keçən ay ABŞ hərbi qüvvələrinin dəstəyi ilə İraq qüvvələrinin doqquz ay sürən kampaniyadan nəticəsində militantların İraqdakı paytaxtı olan Mosulu azad eməsindən sonra süquta uğrayıb.

Lakin Tal Afar şəhəri də daxil olmaqla İraq və Suriyanın bəzi əraziləri hələ də İŞİD-in nəzarətində qalmaqda davam edir. Müharibədən əvvəl Tal Afar şəhərinin əhalisinin sayı 200 min nəfər olub.

ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən sonra Tal Afar sünnilər və şiələr arasında təriqət zəminində zorakılıqlara səhnə olub. İŞİD-in yüksək rütbəli komandirlərinin çoxu Tal Afar şəhərindəndir.

XS
SM
MD
LG