Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi: İŞİD Mosulda tələyə düşüb


ABŞ-ın İraq üzrə xüsusi nümayəndəsi Brett MakGörk
ABŞ-ın İraq üzrə xüsusi nümayəndəsi Brett MakGörk

İraq hərbi qüvvələri İŞİD militantlarının Mosul şəhərinin qərb hissəsində ilişib qaldığını bildirir.

İraq ordusu Mosulu mühasirəyə aldığını və şəhərdən çıxan sonuncu şosse yoluna da nəzarət etdiyini elan edib.

ABŞ-ın İraq üzrə xüsusi nümayəndəsi Brett MakGörk bazar günü deyib: "İŞİD şəhərdə tələyə düşüb. Mosulda qalan döyüşçülər orada öləcək." O, Mosulda ABŞ-ın başçılığı ilə aparılan hava hücumlarını alqışlayaraq, “tarixin ən dəqiq hava hücumları kampaniyası” adlandırıb.

İraq hərbi qüvvələri İŞİD militantlarının Mosul şəhərinin qərb hissəsindəki mövqelərini atəşə tutur
İraq hərbi qüvvələri İŞİD militantlarının Mosul şəhərinin qərb hissəsindəki mövqelərini atəşə tutur

İraq hərbi qüvvələri ABŞ qüvvələrinin dəstəyi ilə Mosulun qərb hissəsində İŞİD militantlarının nəzarət etdiyi mövqeləri ələ keçirmək məqsədilə şəhərin daxilində irəliləməyə davam edir.

İraq hərbi qüvvələrinin general mayoru Maan Əl-Saadi Fransa xəbər agentliyinə bildirib ki, Mosulun qərb hissəsinin təxminən üçdə biri İraq qüvvələrinin nəzarəti altındadır.

Şəhər üzərində bir neçə partlayışdan sonra qatı tüstünün olduğu bildirilir.

İraq hərbi qüvvələrinin Mosulda İŞİD-ə qarşı əməliyyatları genişləndikcə müki əhali şəhəri tərk edir
İraq hərbi qüvvələrinin Mosulda İŞİD-ə qarşı əməliyyatları genişləndikcə müki əhali şəhəri tərk edir

Fevral ayında hökumət qüvvələrinin Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatına başlamasından sonra ABŞ və İraq komandirləri İŞİD tərəfindən güclü müqavimət göstərildiyini bildirib. Ekstremist qüvvələr Mosulun ən mühüm hissələrindən birinin nəzarətini saxlamağa çalışır.

ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri Mosulun azad edilməsi əməliyyatında İraq hərbi qüvvələrinə yardım göstərmək məqsədilə hərbi təlimçilər və məsləhətçilər yerləşdirib.

İraq qüvvələri Mosulun şərq hissəsini oktyabrın 17-də başlamış əməliyyatdan sonra bu ilin əvvəli azad edib.

Bu döyüşlər humanitar böhran yaradıb. Şəhərin özündə və ətrafında hərbi əməliyyatlar nəticəsində çox sayda mülki əhali yaşadığı yerləri tərk edərək məcburi köçkün vəziyyətinə düşüb.

Birləşmiş Millətlər Təşkilatı və İraqın qaçqınlar üzrə rəsmilərinin bildirdiyinə görə, döyüşlər Mosulun qərbində qalan təxminən 700 min mülki vətəndaşın da oradan qaçmasına gətirib çıxara bilər.

BMT-nin Qaçqınlar üzrə Agentliyi üç həftə öncə hökümət qüvvələri şəhərin qərbinə hücum başladandan bəri hər gün 5 min mülki vətəndaşın münaqişə zonasından qaçdığını təxmin edir.

XS
SM
MD
LG