Accessibility links

Floridaya yardım göndərilir və ştata dəyən zərər hesablanır [Video]


İrma qasırğası keçən həftə Karib adalarından sürətlə keçərək Floridanı vurdu. Ekspertlərin dediyinə görə, gücünə görə 5-ci kateqoriyaya aid olan İrma Atlantik okeanında baş verən ən güclü və ən uzun sürən qasırğalardan biri olub.

Floridada bir neçə nəfər daxil olmaqla, qasırğa 40-a yaxın insanın ölümünə səbəb olub. Corciya və Alabama ştatlarında gücünü itirmiş qasırğanın gəlişi gözlənilən bir vaxt rəsmilər Floridaya yardım göndərir və ştata dəyən zərəri hesablayır.

İrma qasırğası Floridada 6 milyondan çox evi elektriksiz qoyub və Ki adalarındakı vəziyyət müharibə zonası kimi təsvir edilib. Yollar və körpülər tamamilə sıradan çıxdığı üçün adaların quru ilə əlaqəsi kəsilib. Ağ Ev qasırğanın zəifləməsinə baxmayaraq, hələ də təhlükəli olaraq qaldığını bildirib.

Ağ Evin nümayəndəsi Florida ştatının şərq sahilindəki Ceksonvill şəhərinin son yüz ildə ən güclü daşqına məruz qalan şəhər adlandırıb. “Beləliklə, daşqın davam edir və biz xilasedici əməliyyatlar həyata keçiririk. Biz artıq orada, suyun altında insanların qalmaması üçün dua edirik” deyə, Ağ Evin nümayəndəsi Tom Bossert bildirir.

Bazar ertəsi qasırğanın təsirinə məruz qoyduğu bölgəni elektrik enerjisi ilə təmin edəcək yüzlərlə səyyar generator maşınları göndərilib. "Duquesne Light" elektrik şirkətindən Cessika Rok: “Ölkənin hər yerindən və Kanadadan da oraya kommunal xidmətlər göndərilir. Ölkə boyu on minlərlə kommunal xidmət işçisi hazırda mobilizə edilir və bərpa işlərinə yardım üçün oraya göndərilir.”

Ştatın qərbdəki sahil bölgəsi qasırğadan xilas olsa da, güclü küləklər səbəbindən çox sayda ev xəsarət alıb və çox sayda ağac qırılıb. Neapol sakini Mark Maykl: “Mən yerə yıxılmış ağacları görəndə ağladım. Onlar uzun illərdir ətrafda idilər və ana təbiət onların qayğısına qalırdı. İndi isə onların çoxu yerdədir.”

Floridaya çatmazdan əvvəl İrma Karib adalarını xaraba qoyub. Barbuda adasındakı evlər demək olar ki, tamamilə dağılıb. Roland Sanders: “Bura kiçik bir adadır. Onun İrma kimi dəhşətli qasırğadan qorunmaq şansı yox idi. İrma qasırğası miqyasına görə Barbuda adasından daha böyük idi.”

Roland Sanders Birləşmiş Ştatların Barbuda və Antiqua adalarındakı səfiridir. O, bu qasırğanın son 300 ildə Barbudanı vuran ən güclü qasırğa olduğunu və sakinlərin adanı tərk etməli olduqlarını deyib. “Orada nə elektrik var, nə də su. Yaşamaq üçün evlər də qalmayıb.”

Səfir deyir ki, bərpa işləri zamanı gələcək qasırğalara davam gətirəcək, daha möhkəm stukturlar nəzərdə tutulmalıdır.

Zəifləməsinə baxmayaraq qasırğa Corciya və Alabama ştatlarına doğru irəliləyir. Hər iki ştatda fövqəladə vəziyyət elan edilib.

XS
SM
MD
LG