“Müsavat Partiyasının keçmiş başqanı, Strateji Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Türkiyədə müalicəsi bu həftənin sonuna kimi davam edəcək”.
Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. O, İsa Qəmbərin Türkiyənin tanınmış tibb müəssisələrindən birində - “Hacəttəpə” klinikasında müalicə aldığını və səhhətinin qaydasında olduğunu söyləyib.
Gülağa Aslanlının sözlərinə görə, İsa Qəmbər malicəsi başa çatdıqdan sonra Türkiyədə nəzərdə tutulan görüşlərə başlayacaq.
Bu il yanvarın 13-də ürəyində narahatlıq yaranan İsa Qəmbər Mərkəzi Klinikaya yerləşdirilib, ürəyinə stend qoyulub və yanvarın 18-də evə buraxılıb.
Fevralın sonlarında o, yenidən Mərkəzi Klinikaya müraciət edib, klinika bunun sırf profilaktik xarakterli olduğunu bildirib.
Fevralın 28-də isə İsa Qəmbər Müsavat Partiyasının indiki başqanı Arif Hacılı ilə Türkiyəyə gedib.
İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır, 1992-1993-cü illərdə parlamentin sədri olub, müəyyən müddət prezident səlahiyyətlərini icra edib.
1992-ci ildən 2015-ci ilə kimi Müsavat Partiyasının başqanı olub.