Accessibility links

Azərbaycanda işsizlərin sayı artıb


İşsizlik mövzusunda dəyirmi masa

"Şəffaflıq Azərbaycan" (Transparency Azerbaijan) təşkilatının himayəsi və USAID-in dəstəyi ilə aprelin 18-də Bakıda "Azərbaycan əhalisinin məşğulluq səviyyəsinin artırılması" mövzusunda dəyirmi masa keçirilib.

Turan agentliyinin məlumatına görə, tədbirdə müxtəlif nazirliklərin, özəl sektorun və QHT-lərin nümayəndələri iştirak edib.

"Ötən il, məşğulluq mərkəzləri 11552 nəfərə işsizlik müavinəti verib. Buna dünyada 2015-ci ilin sonlarında başlayan iqtisadi böhran səbəb olub. Azərbaycanda bir sıra banklar bağlanıb, maliyyə sahəsində ixtisarlar aparılıb. Bu kateqoriya insanlar üçün əmək bazarında iş yeri olmayıb. Buna görə, işsizlik üzrə müavinətlərin sayı təxminən üç dəfə artıb", Dövlət Əhalinin Məşğulluğu Xidmətinin nümayəndəsi Elçin Səlimov bildirib.

Bundan başqa, peşə hazırlığı kursları (3352 nəfər) və ictimai işlər (1740 nəfər) sahəsində azalma müşahidə olunur. Əsas səbəb ondadır ki, bu işçilərə tələbat yoxdur.

Ali təhsilli insanlar kompüter mühasibatı və işçi ixtisaslarının öyrədildiyi peşə hazırlığı kurslarından imtina edirlər.

Prezidentin 7 aprel 2016-cı il tarixli sərəncamına uyğun olaraq "Öz biznesinə başla" adlı tədbirlər keçirilir. Bu layihə çərçivəsində 1339 insana müsbət rəy və biznesə başlamaq üçün vəsait verilib.

Hər il əmək yarmarkaları keçirilir, ölkənin ali məktəblərində isə "Karyeraya ilk addım" layihəsi həyata keçirilir, burada tələbələr və ali məktəb məzunları birbaşa işəgötürənlərlə əlaqədə olur.

Əsas problemlərdən biri olaraq məzunun peşəsinin əmək bazarının tələblərinə uyğun olmamasıdır. Azərbaycanda hamı istəyir ki, övladları ali təhsili olsun, bu da diplomların rəfdə tozlanmasına gətirib çıxarır. Universitet tələbələri arasında monitorinq aparsaq, çoxları öz peşəsini seçməsinin səbəbini göstərə bilməz.

"Ən ağrılı yerlərdən biri də Gürcüstan, Ukrayna və Dağıstan universitetlərinin məzunlarının problemidir. Onlar Azərbaycanda minimum bal belə yığmadan, attestatla bu ali məktəblərə daxil olublar. Bu problem həll olunmalıdır", Səlimov əlavə edib.

"Dövlət Məşğulluq Xidmətinin aparat işçilərinin sayı 56 ştat vahidi təşkil edir, məşğulluq orqanlarının əməkdaşlarının sayı isə 852 ştat vahidi ilə məhdudlaşır. Bəzən görürük ki, bu say da kifayət etmir", "Şəffaf Azərbaycan" təşkilatının hüquqşünası Aytən Əlizamanlı bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatda muzdlu işçilərin sayı 1510,4 min nəfər təşkil edir, bunun 883 mini dövlət, 627,4 mini isə qeyri-dövlət sektorunda cəmləşib. 2017-ci ilin yanvarında muzdlu işçilərin minimum orta aylıq əmək haqqı ötən illə müqayisədə 5,1% artıb və 504,8 manat təşkil edib.

2016-cı ildə məşğulluğun yaxşılaşdırılması üçün dövlət büdcəsindən 2 292 000 manat ayrılıb. Əmək və əhalinin Sosial müdafiəsi Nazirliyinin məlumatına görə, 2016-cı ildə 243 681 nəfər məşğulluq mərkəzlərinə müraciət edib, bunun 204 283 nəfər uçotdadır, 35 642 nəfər isə işsiz statusu alıb. Nazirlər Kabinetinin sərəncamına əsasən, işsizlik üzrə minimum müavinət 75 manat təşkil edir. "Transparency Azerbaijan tərəfindən keçirilmiş internet sorğusuna əsasən, rəyi soruşulanların 52%-nin əmək yarmarkalarından xəbəri yox idi, 35%-i saytdakı məlumatdan öyrənib və cəmi 10 nəfər öz təşəbbüsü ilə məlumat əldə edib.

Respondentlərin 4/5-nün ali təhsili var idi, amma onların 66,7%-i işləmir. Rəyi soruşulan hər beş nəfərdən biri əmək bazarında peşəsi üzrə işləmir.

Respondentlərin cəmi 17,3%-i məşğulluq mərkəzləri vasitəsilə iş axtarır. Sorğunun yekunları göstərir ki, bu mərkəzlər üzərlərinə qoyulmuş öhdəlikləri həll etmir", Əlizamanlı qeyd edib.

O, vətəndaşların elektron qeydiyyatının aparılmasını, vahid informasiya bazası və elektron müraciət sisteminin yaradılmasını, pulsuz kursların keyfiyyətinin artırılmasını təklif edib.

İştirakçılar həmçinin əhalinin əmək yarmarkaları haqqında məlumatlandırılmasında televiziyanın rolunu, gəlir vergisinə və əlillər üçün pensiya fonduna ayrılan vəsaitə imtiyaz tətbiq olunmasını, xarici ali məktəblərin məzunlarının işlə təmin edilməsi məsələlərini, qrantların qeydiyyatı problemlərini, tələbələrin təhsil səviyyəsinin artırılması, abituriyentlərin ixtisas seçimi probleminin həlli, habelə dövlət orqanlarında korrupsiya probleminin həlli məsələlərini müzakirə ediblər.

XS
SM
MD
LG